Yunanıstanda saxlanılmış fətullahçı terror təşkilatının (FETÖ) 8 üzvünün azad edilməsindən sonra rəsmi Ankaranın artan təzyiqləri yunan hökumətini hərəkətə keçirib. Afina Türkiyədən endiriləcək gözlənilməz zərbələrə hazırlıq görür.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Yunanıstanda nəşr olunan “Ta Nea” qəzeti çıxış edib.
Qəzet 8 terrorçunun hərbi hissələrdən birində saxlanıldığını yazır. Mənbənin iddiasına görə, “fətullahçıların” türk kəşfiyyatı tərəfindən qaçırılmasından ehtiyat edən Yunanıstan tərəfi həmin şəxslərin mühafizəsini gücləndirib.
Qəzet şəxslərin qaçırılmasından daha çox öldürülməsindən ehtiyat edildiyini də vurğulayır.
“Ta Nea”ya görə, 80 polis tərəfindən qorunan FETÖ üzvlərinin hər birinin ayrı-ayrı otağı var: “Vəkilləri ilə görüşmələrinə icazə verilən “fətullahçılara” Türkiyədəki ailələrindən pul və ərzaq yardımı da edilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə baş nazirinin köməkçisi Bəkir Bozdağ nəyin bahasına olursa-olsun terrorçuları Ankaraya gətirəcəklərini bildirmişdi. Bu, rəsmi Ankaranın etirazına səbəb olmuşdu.