Hazırda Türkiyədə növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasının qızğın çağıdır. Prezidentliyə ümumilikdə 6 namizəd olsa da, əsas mübarizə 3 namizəd arasında gedəcək. Bunlar hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə və İyi Partiyanın namizədi Məral Akşənərdir.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.
O qeyd edib ki, Türkiyədəki seçicilərin böyük əksəriyyəti – təxminən 60-65 faizi “sağ seçmən” adlandırılan mühafizəkar seçicilərdən, 30-35 faizi isə “sol seçmən” adlandırılan sekulyar, sosial-demokrat və ya sosialist düşüncəsinə malik insanlardan ibarətdir:
“Seçkinin üç favoritindən ikisi – Rəcəb Tayyib Ərdoğan və Məral Akşənər “sağ seçmən”dən səs almağı hədəfləyir. Məhərrəm İncənin “bütün Türkiyənin prezidenti olacağam” deməsinə baxmayaraq, onun əsasən “sol seçmən”in səsini toplayacağı güman olunur. Televiziyaların böyük əksəriyyəti Rəcəb Tayyib Ərdoğanın mitinqlərini canlı yayımla tam efirə verir. Məhərrəm İncənin mitinqlərinin az bir qismi yayımlanır. Məral Akşənərin isə demək olar, heç bir mitinqinə televiziyalarda yer verilmir. Belə qənaətə gəlmək olur ki, 16 illik AKP-CHP mübarizəsində hər zaman uduzan CHP-nin namizədinin hazırkı artan nüfuzu Ərdoğana problem yaratmır. Lakin, xanım siyasətçi haqda bunu demək olmur. Belə ki, Ərdoğanla eyni elektorata “stavka” edən Akşənərin daha çox təzyiqə məruz qalması onun AKP namizədi üçün arzuolunmaz situasiya yaratdığından xəbər verir. Media tərəfindən embarqo qoyulan Akşənər müsahibələrinin birində belə demişdi: “Bəzi insanların (Ərdoğanı nəzərdə tutur-S.Həmid) əsəblərini pozan namizəd olaraq tam gücümlə çalışıram. Məni 15 iyul 2016-cı il hadisələrinə görə qaralamağa çalışan insanlar sübut təqdim etməlidirlər. Geri çəkilmək fikrim yoxdur. Məni mediadan uzaq salmağa çalışan insanlar sonda özləri geri çəkiləcəklər. İkinci turda qalib qələcəyimə əminəm”.
R.Məmmədova qeyd edib ki, həm R.T.Ərdoğan, həm də M.Akşənər eyni kütlədən səs almağı hədəflədiyi üçün Ərdoğan İncədən daha çox Akşənərin populyarlaşmasından çəkinir:
“Ancaq, bütün bunlara baxmayaraq, Məral Akşənərin artıq istədiyi hədəfə çatdığını demək mümkündür. Çünki onun mitinqlərinə maraq həddən artıq böyükdür. Bütün mitinq meydanları dolub-daşır. Akşənər xanım secicilərin də böyük rəğbətini qazanmaqdadır”.
Prezident seçkilərinin qalibinin ilk turda müəyyənləşməyəcəyi fikrində olduğunu qeyd edən R.Məmmədova bununla belə, Türkiyə kimi ölkədə iki həftədə situasiyanın dəyişilə biləcəyini də istisna etməyib.