Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, Nikol Paşinyan görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesində həmsədrlərin rolunun vacibliyini vurğulayıb və effektiv əməkdaşlıq yaranacağına əmin olduğunu deyib. O, həmsədrlərlə birgə Ermənistanın münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyini deyib.
Həmsədrlər münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün bütün səylərini qoyacaqlarını bildiriblər. Tərəflər götürülmüş öhdəliklərin, eləcə də Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərdə əldə olunmuş razılaşmaların münaqişənin həlli üçün əhəmiyyətini qeyd ediblər.