İrandan Ermənistana təbii qazın satışına dair danışıqlar davam edir. Ermənistan Rusiyadan 1000 kubmetr qazı 150, İrandan isə 165 dollara alır. Ermənistan indi çalışır ki, İrandan qazın qiymətləri ilə bağlı güzəşt etsin.
Bunu Teleqraf.com-a politoloq Sədrəddin Soltan deyib.
Politoloq vurğulayıb ki, Ermənistan İran qazını Rusiya qazına alternativ kimi öz bazarına çıxarmaq istəyir:
“Zaman-zaman bu və digər məsələlər gündəmə gəlir. Buna görə də, Ermənistanla müharibə şəraitində İranın Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyini düşünmürəm. Çünki İran uzun illərdir münaqişə məsələsində Ermənistana kömək edir. Bununla bağlı Ermənistan rəsmilərinin çoxsaylı bəyanatları var. Ermənistanın keçmiş prezidentləri – Robert Köçəryan, Levon Ter-Petrosyan və Serj Sərkisyan da Ermənistanın düşdüyü ağır böhrandan çıxmağa yardım etdiyinə görə İrana öz təşəkkürlərini bildiriblər.
Bundan başqa, İran və Ermənistan arasında energetika ilə yanaşı, mədəni, iqtisadi, sosial, siyasi və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq istiqamətləri var. İran Ermənistan və Azərbaycan arasındakı münaqişədə özünü bitərəf göstərib vasitəçi olmağa cəhd edir. Lakin İran indiyədək Ermənistanı işğalçı kimi tanımayıb və bu dövlətə qarşı iqtisadi, sosial və siyasi təzyiqlər göstərməyib. Əksinə, İran hakimiyyəti həmişə Tehranda ermənilərin Azərbaycan və Türkiyəyə qarşı aksiyalarına icazə verib. Hətta Ermənistan rəsmiləri belə tədbirlərdə iştirak və çıxış ediblər”.
Sədrəddin Soltan qeyd edib ki, İran Ermənistan – Azərbaycan münaqişəsində tərəfsiz qala bilməyəcək: “Çox güman ki, tərəfləri danışıqlara çağıran vasitəçi qismində çıxış etməyə çalışacaq. Bu vəziyyətdə də vasitəçi kimi görünmək işğalçıya yardım etmək deməkdir. Çünki İran bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu bilir”.
Qeyd edək ki, İran Ermənistana satdığı təbii qazın həcmini artırmağa çalışır. Yaxın günlərdə tərəflər arasında keçirilən görüşdə qiymətlərdə güzəştlərin edilməsi ilə bağlı məsələ də, müzakirə ediləcək.