Suriya kəşfiyyatı Hatay xəttindən Türkiyəyə daxil olaraq 7 əməliyyat həyata keçirib. Əməliyyatlara rəhbərik edən şəxslərdən biri, AKP-nin, habelə Ədliyyə Nazirliyinin binasına bomba hücumunun təşkilatçısı Həsən Bibər Dəməşqə qaçıb.
Teleqraf.com bildirir ki, Türkiyə kəşfiyyatının məlumatına görə Suriyanın Əl-Muhabərat məxfi xidməti 2013-cü ildə Ankaraya çoxlu sayda casus göndərib.
Bu əməliyyatların bir qismi barədə araşdırma başlanması haqda informasiya yayılsa da, bəziləri barədə ümumiyyətlə xəbər yoxdur.
Suriya qaçqınlarının axını həmin ölkəyə məxsus casusların Türkiyədə çoxalması ilə müşahidə olunub. Türkiyəyə daxil olmağı bacaran casuslar Ankaranın qaçqınlara verdiyi dəstəkdən istifadə edərək Hatay bölgəsində fəaliyyətini aktivləşdirib. Bu ərazilərdə Suriya kəşfiyyatının fəaliyyətini izləməyə çalışan türk kəşfiyyatı ayrı-ayrı 7 hadisəni ifşa edib.
Güman olunur ki, 2013-dən başlayaraq Türkiyədə görünən Suriya casuslarının fəaliyyətinin ana xəttini Türkiyəyə gələn bəzi suriyalı müxalifətçilərin qaçırılması tutur.
Hələ 2013-cü ildə Türkiyənin bu ərazilərində ortaya çıxan casusluq fəaliyyətindən sonra polis rəhbərliyi Hatayda xüsusi iclas keçirərək Terrorla Mübarizə İdarəsinə əsasən Hatay və Adanada duruma nəzarəti gücləndirməklə bağlı xəbərdarlıq edib. Eyni zamanda Türkiyə tərəfi PKK və DHKP-nın bölgədə fəaliyyətini müşahidə etməklə bağlı qərar verib. Məhz bu zaman aydın olub ki, Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahına və Ədliyyə Nazirliyinə qarşı terror hadisəsi törədən Həsən Bibər sonradan Suriyaya qaçıb.