Rusiyanın hərbi-siyasi bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) çat yaranıb. Üzv dövlətlərin bir-birinə qarşı inamsızlığı və qarşlıqlı problemlər bloku sıradan çıxarmaq üzrədir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, Rusiya KTMT daxilində yaranmış ziddiyyətlər və fundamental problemlərdən çıxış yoluna malik deyil:
“Ermənistanda Qərbəmeyilli siyasi qüvvələrin hakimiyyətə gəlməsi, Belarus və Rusiya arasında yaranmış gömrük böhranə və nəhayət, Qazaxıstan – ABŞ yaxınlaşması KTMT-nin gələcək taleyini sual altında qoyur.
Təsadüfi deyil ki, KTMT-nin son toplantısında Sergey Lavrov Qazaxıstanı sərt formada tənqid etdi. Bu, əslində ABŞ-la münasibətlərini genişləndirən Astanaya xəbərdarlıq idi. Bundan əlavə, Belarusun Azərbaycana “Polonez” reaktiv raket sistemlərini satması, Qazaxıstanın Azərbayacana siyasi dəstəyi Ermənistanın da KTMT ümidini puç edib.
Hesab edirəm ki, yaxın illərdə KTMT fəaliyyətini tamamilə dayandıracaq və Rusiya yeni format axtarışında olacaq. Ümumiyyətlə, Rusiyanın hərbi-siyasi bloklarının çökməsi, Kremlin müttəfiq dövlətlərə forpost kimi yanaşmasından irəli gəlir”.