15 İyun 2018 13:48
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı yığmasının oyunçuları Rusiya millisi ilə oyunda öz imkanlarının heç beş faizindən də istifadə etmədilər.

Teleqraf.com xəbər verir ki, bunu krallığın İdman İdarəsinin rəhbəri Turki əl-Şeyx bildirib. O, “Tvitter”də yerləşdirdiyi videoda qeyd edib ki, millinin oyunçuları üçün mümkün olan hər şeyi ediblər:

“Üç il ərzində onların bütün xərclərini ödədik, onlar üçün dünya səviyyəli məşqçi komandası və dünya səviyyəli məşqçi təyin etdik. Bu həqiqəti qəbul etməliyik ki, oyun onların imkan və bacarıqlarına uyğun gəlmədi”.

Əl-Şeyx bildirib ki, yığmanın bərbad oyununa görə, krallığın vəliəhd şahzadəsi və azarkeşlər qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürür. O, həmçinin qapıçı Abdullah əl-Mərufun, hücumçu Məhəmməd əl-Salauinin və müdafiəçi Üsamə Xavsavinin cəzalandırılacağını bildirib.

Qeyd edək ki, iyunun 14-də futbol üzrə Dünya Çempionatının açılış mərasimindən sonra Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında ilk oyun keçirilib. Rusiya yığması Səudiyyə Ərəbistanı komandasını 5:0 hesabı ilə məğlub edib.


Müəllif: Səxavət