Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın həbs edilməsinin səbəbləri məlum olub. Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmış və deputat toxunulmazlığı ləğv edilmiş general hərbi çevrilişə cəhddə ittiham edilib.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu məsələ ayın 19-da parlamentdə keçirilmiş qapalı iclasda müzakirə edilib.
Baş prokuror Artur Davtyan və spiker Ara Babolyanın da iştirak etdiyi qapalı iclasda keçmiş prezident Serj Sərkisyana bağlı “Eçmiədzin maqnatı”na başçılıq etmiş generalın çevriliş planında yer aldığına dair sənədlər təqdim edilib.
Sənədlərdən məlum olur ki, Manvel Qriqoryan Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumətə qarşı hazırlanmış gizli qiyamın koordinatorlarından biridir və çevriliş baş tutacağı halda o, yeni hakimiyyətdə strateji postlardan birini tutacaqdı:
“Manvel Qriqoryanla bağlı faktlar hələ iyunun 5-də əldə edilib. Lakin o, hələ bundan xeyli əvvəl ailə üzvlərinin və bir sıra şəxslərin iştirakı ilə silah-sursat toplamağa başlayıb. İriçaplı silahlardan başqa onun Eçmiədzindəki evindən 160 min dollar və 68 min avro tapılıb”.
Məlum olub ki, generalı təsadüfən ələ verən ailə dostu Armen Akopyan olub. Akopyan ilkin dindirəmədə silahların və pulların Qriqoryana məxsus olduğunu etiraf etsə də, bunları hansı yollarla əldə etdiyinə dair məlumatının olmadığını bildirib.
Məsələnin maraqlı tərəfi isə budur ki, planın icrasında general həyat yoldaşı Nazik Amiryan və qızı Aytsemik Qriqoryanın da xidmətlərindən istifadə edib. O, iz azdırmaq üçün bu addımı atıb.
Manvel Qriqoryan həbs edildikdən dərhal sonra Nazik Amiryanın Eçmiədzindəki malikanələrində saxlanılan silah-sursatları gizlətməyə cəhd etməsi də bunu təsdiq edir.
Qriqoryan ailəsinin Eçmiədzindəki iki malikanəsi dövlət çevrilişi planının müzakirə olunduğu “koordinasiya mərkəzi” rolunu oynayıb.
Erməni mənbələr isə istintaqın daha yüksək rütbəli şəxslərədək uzandığını iddia edirlər və həbs edilmiş Manvel Qriqoryanın hazırda Silahlı Qüvvələrdə və siyasi dairələrdə yüksək postları tutan şəxsləri ələ verdiyini bildirirlər.