ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, – deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib.
ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb. Onun sözlərinə görə, N.Heyli artıq bir ildən çoxdur ki, bu təşkilatda islahatlar həyata keçirməyə çalışır.
“Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, – deyə Pompeo qeyd edib.
Məsələni Teleqraf.com-a şərh edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov Donald Tramp administrasiyasının 47 ölkənin təmsil olunduğu BMT İHŞ-dən çıxmasının gözlənilən olduğunu bildirib. O qeyd edib ki, səbəb kimi şura daxilində İsrailə qarşı daim tənqidi mövqeyin tutulması və mütəmadi olaraq “qərəzli” qətnamələrin qəbul edilməsi göstərilir:
“Qeyd edim ki, şura elə bu günlərdə ABŞ-ın Meksikadan olan qeyri-leqal miqrantların uşaqlarının öz valideynlərindən ayrılması ilə bağlı icraatını insan hüquqlarının kobud pozuntusu kimi qiymətləndirən qətnamə qəbul etmişdi. Şuradan çıxmaqla bağlı əsas təşviqedici səbəbin bu olduğu göstərilir. Bu günlərdə miqrant uşaqlarla bağlı məsələ ABŞ daxilində ən çox müzakirə edilən mövzulardandır. Ağ Ev sözçüsünü isə bu məsələ ilə bağlı ədliyyə naziri Ceff Sessionsun öz mövqeyini müdafiə etmək üçün “İncil”dən sitat gətirməsi çox pis vəziyyətə qoymuşdu”.
F.Çıraqov ABŞ-ın şuraya üzvlüyünün tarixçəsindən də danışıb:
“Barak Obama administrasiyası 2009-cu ildə şuraya beynəlxalq insan hüquqları məsələsini xarici siyasətin əsas istiqaməti etmək niyyətilə üzv olmuşdu. Bundan əvvəl isə Corc Buş administrasiyası “dünyanın bir çox avtoritar və qeyri-azad ölkələrinin şuraya üzv olaraq bu qurumdan öz siyasətlərini ört-basdır etmək üçün istifadə etdiklərini” əsas gətirərək şuraya üzv olmaqdan imtina etmişdi.
Beləliklə, biz dünyanın gözümüzün qarşısında necə dəyişdiyini və bir faktla ölkə daxili məsələnin bütövlükdə dövlətin qlobal siyasətinə necə proyeksiya olduğunu görürük”.
SAM əməkdaşı onu da bildirib ki, ABŞ 2009-cu ildə BMT İnsan Hüquqları Şurasının üzvü olduqdan sonra İsrailə qarşı qəbul edilən sənədlərin sayını bir neçə dəfə azaltmağa və mətnini yumşaltmağa nail olmuşdu: “Demək, şuranın bundan sonra İsraillə bağlı qətnamələri daha da sərtləşəcək”.