21 İyun 2018 09:05
2 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar ABŞ-la onun müttəfiqləri arasında münasibətlər yumşaq desək, soyuyub. Bunu G-7 ölkələrinin iyunun 8-9-da Kanadanın Kvebek əyalətində keçirilən 44-cü sammiti qabarıq şəkildə nümayiş etdirdi. Belə ki, ABŞ Prezidenti Donald Trampın etirazı yekun bəyannaməni razılaşdırmağa imkan vermədi.

Sammitdən sonra isə ABŞ-ın “Wall Street Journal” qəzeti Trampın Fransa Prezidenti Emmanuel Makrona, Yaponiyanın Baş naziri Sindzo Abeyə xoşagəlməz sözlər dediyini, Avropa Komissiyasının sədri Jan-Klod Yunkeri isə “qəddar qatil” adlandırdığını yazdı.

Bəs, ABŞ-ın müttəfiq və tərəfdaşları ilə münasibətləri niyə korlanır? Bu qarşıdurmada hansı tərəf haqlıdır? Tərəflərin bir-birlərindən istəkləri, gözlədikləri nədən ibarətdir? Teleqraf.com-un bu və digər suallarını Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov cavablandırıb. Onunla müsabibəni təqdim edirik:

- Eldar müəllim, ABŞ-la onun müttəfiqləri və tərəfdaşları arasındakı münasibətlərində yaranmış problemlər nə ilə bağlıdır?

– Bu ziddiyyətlər, qalmaqallar əslində iki mühüm problemlə bağlıdır. Dünya düzəni deyilən bir anlayış var. Bunun siyasi və təhlükəsizlik, həmçinin iqtisadi tərəfi var. Bizim son illərdə gördüyümüz mənzərə ondan ibarətdir ki, dünya düzəni siyasi-təhlükəsizlik məsələlərində çat verib və onu yenidən stabil vəziyyətə gətirmək üçün ciddi dəyişikliklər olmalıdır. Eyni zamanda dünyanın iqtisadi modelində də çox ciddi ziddiyyətlər və çatlar meydana gəlib. Biz II Dünya müharibəsindən sonra yaranmış və SSRİ dağılanadək davam edən dünya düzəninə baxsaq, görərik ki, ikiqütblü siyasi və təhlükəsizlik sistemi var idi. Bu, sosialist dövlətlərinin bloku və bizim o dövrdə “kapitalist ölkələri” adlandırdığımız Qərb ölkələrinin bloku idi. Eyni zamanda iki iqtisadi model mövcud idi ki, həmin iki iqtisadi model də bir-biri ilə birbaşa uzlaşmırdı. Ancaq hər iki modelin içində müəyyən bir sabitlik var idi. İndi hər iki sahədə o sabitlik pozulub.

İqtisadi baxımdan da ABŞ indi daha çox öz müttəfiqləri ilə mübarizə aparır, nəinki hansısa siyasi rəqibləri ilə. Çünki II Dünya müharibəsi başa çatandan sonra ABŞ iqtisadi cəhətdən dünyada yeganə hegemon dövlət idi. Dünyanın ümumi daxili məhsulunun az qala 40 faizi ABŞ-da istehsal olunurdu. ABŞ-ın maliyyə resursları Qərb ölkələrinin hamısının bir yerdə götürülmüş resurslarından daha çox idi. ABŞ bir lider ölkə olaraq öz müttəfiqlərinə hər il böyük yardımlar edirdi. Qapıları açmışdı, bütün dövlətləri öz bazarına buraxırdı. Özünə müttəfiq saydığı ölkələrə maliyyə yardımlarından əlavə texnologiyalar verirdi. ABŞ-ın dəstəyi – “Marşal planı” əsasında Avropa yenidən quruldu. Qərbi Almaniya qısa müddətdə dağılmış, müflis olmuş ölkədən çiçəklənən və ən güclü iqtisadiyyata malik ölkələr siyahısına daxil oldu. ABŞ Yaponiyanı, Cənubi Koreyanı yenidən qurdu. Bütün ölkələrə yardım, köməklik edirdi və bu proses çərçivəsində hətta Çinin də iqtisadi dirçəlişi ABŞ-la bağlı oldu. Pekinlə Vaşinqton arasında böyük strateji anlaşma əldə olundu, ABŞ Çinə maliyyə yardımı göstərdi, ona texnologiyalar verdi. ABŞ-ın aparıcı şirkətləri Çində öz zavodlarını, fabriklərini açdılar, yerli mütəxəssisləri yeni texnologiyalara cəlb etdilər. Bu dəstəyin əsasında Çin də dirçəldi. ABŞ-ın müharibədən çıxmış Avropa ölkələrini dirçəltmək, yeni mərhələyə qaldırmaq üçün tərtib etdiyi və 17 Avropa ölkəsinə dəstəyin göstərildiyi “Marşal planı”na bənzər bir plan Çin üçün də tərtib olundu. Çini də yeni iqtisadi modellə yenidən qurdular. Bütün bu proses zamanı ABŞ-ın maliyyə resurslarının xeyli hissəsi müttəfiqlərinə və onunla müqavilə imzalayıb əməkdaşlıq edən Çin kimi ölkələrə yönəldi. Nəticədə ABŞ-ın dünya iqtisadiyyatında çəkisi azalmağa başladı. Dünya ÜDM-də ABŞ-ın çəkisi 40 faizdən 30-a, 30-dan 20 faizə düşdü. Elə bir məqam yetişdi ki, ABŞ-ın dəstəyi ilə inkişaf etmiş dünyanın az qala yarısı Vaşinqtonla həm iqtisadi, həm də siyasi məsələlərdə kəllə-kəlləyə gəlməyə başladılar. Çin isə iqtisadi parametrlər üzrə ABŞ-a çatmaq üzrədir. Belə bir vəziyyətdə ABŞ daxilində böyük bir narazılıq yarandı, millətçilik, vətənpərvərlik əhval-ruhiyyəsi gücləndi. Dedilər ki, bütün bu ölkələrin dirçəlməsi üçün biz trilyonlarla dollar pul xərcləmişik, texnologiyalarımızı vermişik, indi isə bu ölkələr yenidən bizdən istifadə edir, bizim iqtisadi gücümüzü hissə-hissə əlimizdən alırlar. Hətta, bizə meydan oxumağa başlayırlar. Hazırda ABŞ tələb edir ki, Qərb ölkələri – daim ABŞ-dan, onun iqtisadi gücündən istifadə edən ölkələr bərabərhüquqlu iqtisadi münasibət qursunlar. ABŞ artıq onlara nəsə vermək yox, onlarla birgə qazanmaq istəyir. ABŞ deyir ki, siz bizdən nə qədər qazanmısız, biz indi onun heç olmasa, bir qismini ticarətdə qaytarmaq istəyirik. Çünki ildən-ilə bizim dünyada iqtisadi çəkimiz azalır, 40 faizdən hardasa 15-20 faizə gəlib düşüb. Ona görə də Amerika xalqının içindən gələn bu narazılıq Tramp fenomenini yaratdı. Tramp bu durumdan narahat, narazı olan insanların səslərini qazanıb dedi ki, o, hamı ilə yeni münasibət quracaq.

– Tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlərdən biri də Avropanın təhlükəsiziliyi ilə bağlıdır. Bu fikir ayrılığının əsas səbəbləri barədə nələri qeyd edə bilərsiniz?

– Tramp dedi ki, ABŞ NATO-ya büdcəsinin 2 faizdən artığını verir. Niyə Almaniya, Fransa 2 faizdən az verməlidir? ABŞ gəlib Avropanın təhlükəsizliyinə zamin durur, ancaq bunun pulunu da ABŞ verməlidir, yoxsa ABŞ-la bir yerdə Avropa da verməlidir? Bax, bu tipli bəyanatlarla, bu cür yanaşmalarla ABŞ hazırda öz müttəfiqləri ilə münasibətlərinə yenidən baxır. Bunun da səbəbi artıq ABŞ-ın öz daxilində iqtisadi problemlərin, çətinliklərin yaranmasıdır. Vaxtilə SSRİ dağılanda çoxları deyirdi ki, SSRİ Afrikanın, Asiyanın yarısına yardım edirdi. Sosialist modelini seçən ölkələrdə pulsuz zavodlar tikirdi və sair. Axırda daxili problemləri həll etmək üçün pulu çatmadı və dağıldı. Hazırda buna bənzər söhbətlər ABŞ-da gedir. Onlar deyirlər ki, biz II Dünya müharibəsindən sonra trilyonlarla dollar pul xərclədik, Avropanı, Yaponiyanı, Cənubi Koreyanı dirçəltdik. Trilyonlarla dollar xərclədik ki, Çində iqtisadi model qurulsun. İndi bunun müqabilində hamı gəlib bizimlə dava edir, bizimlə siyasi və digər məsələlərdə kəllə-kəlləyə gəlir və yeri gələndə hamı bizdən pul tələb edir. Buna son qoymaq lazımdır. Yəni, Trampın atdığı bu addımların, onun narazılığının arxasında dayanan məsələ ondan ibarətdir ki, ABŞ son 70 ildə gördüyü işlərdən indi müəyyən peşimanlıq hissi keçirir. Vaşinqton indi deyir ki, hamı bərabər qazanmalı və hamı bərabər xərcləməlidir. ABŞ-ın hesabına heç bir ölkə – nə Avropa, nə də digər ölkələr varlanmalı deyillər. Bizim özümüzün də iqtisadi problemlərimiz, əhalimiz, pul xərcləmək üçün yerimiz var. Ona görə də gəlin, artıq münasibətləri ədalətli quraq. Bizim hesabımıza heç kim varlanmasın. Biz özümüz də sizin kimi bir yerdə xərcləyəcəyik, bir yerdə varlanacağıq.

– Ancaq hazırkı ABŞ administrasiyasının bu mövqeyi deyəsən, müttəfiqlər və tərəfdaşlar tərəfindən o qədər də xoş qarşılanmır...

– Bəli. Bu da onunla bağlıdır ki, onlar II dünya müharibəsindən sonra qurulmuş bu iqtisadi modelə artıq öyrəşiblər. Onlar bu vəziyyətdən artıq çox şeylər qazanıblar. Mən bir misal gətirdim. Bunu daha geniş izah etmək istəyirəm. Bu, Avropanın təhlükəsizliyi məsələsidir. Onun təminatı NATO-dadır. NATO-nun nizamnaməsində yazılıb ki, alyansın hər bir üzvü öz dövlət büdcəsinin 2 fazini NATO-ya ayırmalıdır. ABŞ nizamnamədə nəzərdə tutulan faizdən qat-qat çox xərcləyir. Ancaq Avropa ölkələrinin böyük əksəriyyəti, o cümlədən aparıcı ölkələr – Almaniya, Fransa və digərləri heç nizamnamədə nəzərdə tutulan vəsaiti NATO-ya ayırmırlar. ABŞ da deyir ki, bu, Avropanın təhlükəsizliyidir. Siz Avropanın təhlükəsizliyinin təmin olunmasında bizdən az yox, bizdən çox maraqlı olmalısınız. Niyə Avropanın təhlükəsizliyinin təmin olunmasında xərclərin 70 faizini ABŞ, 30 faizini Avropa qarşılamalıdır? Təbii, Avropa bu vəziyyətin bundan sonra da davam etməsini istərdi. Ancaq ABŞ bununla qəti olaraq razı deyil. O cümlədən digər məsələlərdə də Birləşmiş Ştatlar güzəştə getmək niyyətində deyil. Məsələn, ABŞ-ın bir çox mallarının Avropa bazarına, yaxud qonşu Kanadaya ixrac olunması qadağandır. ABŞ soruşur ki, niyə? Bizim bazarımız sizin üçün açıqdırsa, niyə sizin bazarınız bizim mallarımız üçün bağlı olmalıdır? Ona görə ki, ABŞ-a öz kənd təsərrüfatı mallarını ixrac etməyə imkan versələr, bir çox Avropa və Kanada şirkətləri rəqabətə tab gətirməyəcək. Demək, onlar ABŞ-ın hesabına varlanırlar. Onlar nə qədər narazılıq etsələr də, Tramp administrasiyası bu siyasətini davam etdirəcək. Ona görə ki, indi ABŞ-da keçirilən sorğular Tramp administrasiyasının ölkə daxilində çox böyük reytinqi olduğunu göstərir. Əgər Tramp təzə seçiləndə ona inam çox aşağı – 20-30 faiz səviyyədə idisə, indi bu rəqəm 50 faizi keçib. ABŞ seçiciləri Trampın Avropaya, Kanadaya, Yaponiyaya öz yerini göstərməsindən çox razıdırlar. Tramp hamıya deyir ki, mənim vətəndaşlarım mənim üçün hər şeydən vacibdir. Sizin bizim iqtisadiyyatımızdan götürdüyünüz mənfəəti biz də sizin iqtisadiyyatınızdan götürməliyik ki, bizim şirkətlərimiz də yaxşı qazana, öz işçilərini yaxşı dolandıra bilsinlər. Ona görə də son aylarda ABŞ daxilində Trampın reytinqi artır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər