Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın həbs edilməsi siyasi xarakter daşıyır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq Ermənistan ordusunda Baş nazir Nikol Paşinyana qarşı çevrilişin hazırlandığını istisna etməyib:
“Qriqoryana qarşı çevriliş ittihamı təsadüfən irəli sürülməyib. Lakin burada uydurma məqamların olduğu da istisna deyil. Çünki hakimiyyətə gəlmiş yeni siyasi qüvvə öz iqtidarını gücləndirmək üçün bu kimi vasitələrə əl atır. Amma Manvel Qiqoryanın özü də kifayət qədər təhlükəli fiqurdur. O, Serj Sərkisyana yaxınlığı ilə tanınır. Üstəgəl, Qriqoryan Qarabağ döyüşlərində azərbaycanlılara qarşı qəddar davranışları ilə seçilən ordu komandirlərdən biri olub. Buna görə də Qriqoryanın çevrilişdə ittiham olunması birmənalı deyil. Onun Qarabağdakı öz və qohumlarının evindən aparılan axtarış zamanı xeyli sayda silah-sursat aşkarlandı.
Erməni mənbələr isə onun haqda o faktları üzə çıxarırlar ki, Manvel Qriqoryan Nikol Paşinyanın hakimiyyətdə çox qalmayacağı ilə hədələyib. Üstəgəh, Serj Sərkisyanın özü də demişdi ki, Nikol Paşinyanın hakimiyyəti 2 aydan artıq davam etməyəcək. Buna görə də təhlükəsizlik qüvvələri Sərkisyan və onun ətrafını ciddi müşahidə altına alıb. Nəticədə də çevriliş ehtimalı gündəmə gəlib və bildirilir ki, bu işdə də ən fəal adam böyük imkanlara malik Manvel Qriqoryandır”.
Qabil Hüseynli bildirib ki, Manvel Qriqoryanla yanaşı, hakimiyyətdə təmsil olunan bir sıra yüksək rütbəli şəxslər də nəzarət altına götürülüb:
“Artıq o fakt da üzə çıxır ki, Manvel Qriqoryan qanunsuz silah-sursat əldə etməklə yanaşı, 150 hərbçiyə də xüsusi təlimlər keçib silahlandırıb. Onları hakimiyyətə qarşı gizli əməliyyatlar üçün hazırlayıb. Bu baxımdan ona qarşı irəli sürülmüş çevriliş ittihamı əsaslı ola bilər. Serj Sərkisyanın da bu planda yer aldığı istisna deyil”.