Türkiyənin sabiq baş naziri Tansu Çillərin 1967-ci ildən sonra “Gülü” kod adı ilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığı iddia olunur.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə 2009-cu ildə Türkiyədə Strateji Güvənlik internet səhifəsi (https://stratejikguvenlik.wordpress.com/) çıxış edib.
Qeyd edilib ki, İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi tərəfindən Ergenokon davası zamanı əhəmiyyətli mövzulardan biri də Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən hazırlanan “Ergenokon Terror Təşkilatı” haqqında hesabatı olub. Türkiyədə uzun illər ciddi müzakirə olunan bu mövzu zamanında məhkəmənin gündəmi olub.
"Ergenokon Terror Təşkilatı"nın qurulmasında istifadə olunan informasiyalarla bağlı olaraq 6 CD məhkəməyə göndərilib. Məhkəmə bu elektron sənədləri incələyib və sonra bu CD-ləri vəkillərə verib.
Qeyd edilir ki, əslində bu CD-lər 2002-ci ildə ortaya çıxıb. CD-lər 2002-ci ilin avqustunda MİT-ə özünü polis kimi təqdim edən şəxs tərəfindən poçt vasitəsilə, anonim məktub formasında göndərilib. 2009-cu ildə məhkəmə bu CD-ləri araşdırmaq üçün MİT-dən istəyib.
2002-ci ildə MİT-in əlinə keçən və "Ergenokon Terror Təşkilatı" haqqında məlumatları özündə ehtiva edən CD qeydlərində Tuncay Güneyin 2001-ci ildə həbs edildiyi zaman İstanbul Polis İdarəsində verdiyi ifadələrinin səs qeydləri də var.
Xüsusilə, bu CD-lərdə Güneyin işgəncə altında ifadə verdiyi diqqət çəkib və bu məsələ uzun müddət türk mediasında müzakirə olunub. CD-lərdə "Aydınlıq" qəzetində bəzi xəbərlər, Tansu Çillərin ABŞ vətəndaşlığı, Hizbullahın MİT tərəfindən idarə olunduğuna dair iddialar, habelə Quru Qoşunları Komandanlığı tərəfindən 1985-ci ildə hazırlanan hesabatlar, Türkiyə Parlamentində korrrupsiya araşdırma komissiyası tərəfindən hazırlanan hesabatların müəyyən hissəsinə qədər olan mətnlər yer alıb.
Bu CD-lərin içində ilginc bir qeyd də ortaya çıxıb. İddiaya görə, Tansu Çillər 1967-ci ildən bu yana “Gülü” kod adı ilə MKİ üçün işləyib. 1999-cu ildə gündəmə gələn iddialara görə, Türkiyədə bəzi siyasətçilər Çillərin iqtidarda olduğu 1993-1996-cı illər arasında ABŞ-dakı əmlakını araşdırmaq üçün vəkil bürosu ilə razılığa gəlib. Bu büro CAL kod adlı sabiq CİA casusu ilə işləməyə başlayıb. CAL Çilləri bilavasitə tanıyan və Praqada yaşayan Fiş adlı casusa çıxa bilib.
Fiş Frankfurtda ABŞ hərbi bazasında verdiyi ifadədə Çillərin 1979-cu ildə ABŞ maraqlarını qoruduğunu və bu üzdən əcnəbilərə ABŞ vətəndaşlığının verilməsini mümkün sayan S USC 1427(f) qanunun təsiri altına düşdüyünü qeyd edib. Çillərin 1967-ci ildən başlayaraq “Gülü” kod adı ilə MKİ üçün işlədiyi, xüsusi təhsil proqramından keçirildiyi iddia edilir.
ABŞ-ın müvafiq qurumları isə Fişə bu mövzunun üzərinə getməməsi üçün xəbərdarlıq edib. Bu iddiaların yer aldığı CD qeydlərində MKİ casusu olan Motta Gurun bu fikri yer alıb:
“Fiş evində baş verən yanğın zamanı həyatını itirib. Çillərin casus olması barədə qeydlər də yox oldu”.