Rusiya Prezidenti Vladimir Putin Çeçenistanın Baş naziri Əbubəkr Edelgeriyevi özünə müşavir təyin edib. Edelgeriyev regionu yaxşı bilən, kifayət qədər gənc və enerjili bürokratdır.
Bunu Teelqraf.com-a açıqlamasında Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, 44 yaşlı Əbubəkr Edelgeriyev bundan əvvəl Çeçenistanın kənd təsərrüfatı naziri olub, yəni, iqtisadiyyatdan kifayət qədər anlayışı var:
“Zənnimcə, Edelgeriyevin Kremlə gətirilməsində əsas məqsəd onu Ramzan Kadırovun yerinə hazırlamaqdır. Putin 2024-cü ildə hakimiyyətdən gedəcək. O öz gələcək varisinə yol açır. Rusiya dövlət aparatındakı bütün güclü şəxslər hamısı neytrallaşdırılacaq. Bu baxımdan Kadırov da istisna deyil.
Düşünürəm ki, Putin yaxın gələcəkdə Kadırovu mərkəzdə hansısa önəmsiz vəzifəyə gətirərək onu görəvdən alacaq, yerinə Edelgeriyevi göndərəcək. Putin Kadırovun tabeliyindəki birini öz yanına gətirməklə əslində onun üzərindən xətt çəkəcəyini nümayiş etdirdi”.