ABŞ dövlət katibi Mayk Pompeo şəxsi “Tvitter” səhifəsində yaydığı bir neçə postda İranda insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib, bu ölkəni terrorçuluğa dəstək verməkdə və bölgədə müharibəni qızışdırmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, İran hakimiyyətini “cinayətkar” adlandıran Pompeonun sözlərinə görə, islam respublikasının ölkədə dinc fəallara, qadınlara, dərvişlərə, əkinçilərə, milli və dini azlıqlara qarşı təzyiqi davam edir:
“Bu ilin yanvar ayında İranın 100-dən çox şəhərində başlamış kütləvi etirazlarda 5 min nəfər həbs edilib. Bundan başqa, sonrakı etirazlarda yüzlərlə dərviş, onlarla ətraf mühit fəalı, məcburi hicaba qarşı çıxaraq baş örtüklərini açan 30 qadın, 400 dinc aksiyaçı Əhvazda, 30 əkinçi isə İsfahanda tutularaq həbsə salınıb. Onları cinayətkar İran hakimiyyəti həbs edib. Halbuki İran xalqının insan hüquqlarına riayət olunmalıdır. Bu onların haqqıdır və buna layiqdirlər”.
M.Pompeo hazırda İran gənclərinin 30 faizinin işsiz olduğunu vurğulayıb:
“İranlı ailələrin ciddi məişət problemləri ilə üz-üzə qalıb sıxıntı içində yaşadığı bir vaxtda, ölkənin milli sərvəti hökumət tərəfindən bölgədə baş verən müharibələrə sərf edilir. Bu isə təəssüfləndiricidir”.