Türkiyədə yeni dönəm başladı – yeni sistem işə düşür.
Teleqraf.com xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.
O qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası və Rəcəb Tayyib Ərdoğan çox çətin mübarizədən keçdi: “Cümhuriyyət Xalq Partiyası və Məhərrəm İncənin göstərdiyi siyasi mübarizə və dirəniş danılmazdır. Ərdoğan qalib gəldi və 52 faizi keçdi. Milliyyətçi Hərəkat Partiyası bu mübarizədə təəccübləndirdi və çoxdan nəticə göstərməyən bir partiya 11 faiz səs topladı. Bunu MHP-nin uğuru kimi dəyərləndirmək olar. Türkiyə üçün xeyirli olsun”.
Qeyd edək ki, bazar günü keçirilən seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq ilk turda yenidən prezident seçilib.
Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31 faiz səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Maral Akşenər 7,4, Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 0,9, Vətən Partiyasının sədri Doğu Pərinçək isə 0,2 fazi səs toplayıb.
Deputat mandate uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı” 53,6 faiz səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1 faiz səs toplaya bilib. 10 faizlik bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11,5 faiz səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.
Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsul-idarəsinə keçib.