Həm partiyalar, həm də namizədlər seçki təbliğatı dönəmində ciddi şəkildə yüksək performans sərgiləsələr də, nəticələrə təsir edən məqamlar oldu.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə keçirilən prezident və parlament seçkilərini şərh edən politoloq Vüqar Zifəroğlu deyib.
Politoloq hesab edir ki, seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qələbə çalmasında MHP ilə kolisiyaya getməyin son dərəcə ciddi rolu oldu:
“Parlament seçkisində AKP-nin göstərdiyi nəticə ilə Ərdoğanın prezident seçkisinin nəticəsinə görə yığdığı səs faizi arasında 10-11 faiz fərq məhz MHP-dən gələn səslər kimi nəzərdən keçirilməlidir. Diqqət etsək görərik ki, MHP-nin parlament seçkisində yığdığı səs faizi ilə həmin fərq demək olar ki, üst-üstə düşür”.
Vüqar Zifəroğlunun sözlərinə görə, MHP-nin 11 faizə yaxın səs alması şübhəsiz ki, maraqlı nəticə hesab oluna bilər: “Ələlxüsus, İyi Partiyanın məhz daha çox milliyyətçi cameədən səs almasını hədəfləməsi fonunda və AKP ilə koalisiyanın səs faizinə neqativ təsir göstərəcəyi ilə bağlı verilən proqnozlara rəğmən, Baxçalı partiyasını qoruya bildi və hətta təkbaşına seçkidən seçkiyə qalibiyyətlə yürüyən bir iqtidar partiyasını özündən asılı vəziyyətə də saldı. Prezident qərarlarının məclisdən keçməsi üçün AKP-nin MHP millət vəkillərinə ehtiyaci olacaq. MHP faktiki olaraq iqtidarın “parlament ortağı” ola bildi”.
Politoloq vurğulayıb ki, HDP-nin növbəti dəfə barajı aşmasının səbəbi CHP oldu: “Məhərrəm İncə ilə CHP-nin səs faizi arasındakı böyük fərq məhz bunun göstəricisidir. Əgər HDP zamanında məclisə AKP-nin sayəsində daxil olurdusa, son iki seçkidə bu partiya CHP-nin sayəsində məclisə girir”.
Vüqar Zifəroğlu seçkilərin nəticələri haqda da danışıb: “Bu seçkilər Türkiyə və eləcə də bölgə üçün ciddi mesajlar verdi. Bu, ilk növbədə Türkiyənin aktiv Yaxın Şərq siyasəti yeritməsi, Qərbin iqtisadi təzyiqləri və bölücü qruplaşmaları dəstəkləməsi fonunda, türk xalqının verdiyi mesajdır. AKP-yə göstərilən etimadla yanaşı, ona həm də milliyətçi düşərgə təmsilçisinin ortaq təyin edilməsi nə qədər düşündürücüdürsə, ana müxalifət partiyası təmsiliçisinin öz partıyası ilə müqayisədə daha çox səs yığması da o qədər anlamlıdır. Demək, dəyişikliklər olacaq...”