27 İyun 2018 15:43
2 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident və “Qarabağ klanı”nı siyasi səhnədən birdəfəlik uzaqlaşdırmaq üçün hərəkətə keçib. Sərkisyan və tərəfdarlarına qarşı irəli sürülən korrupsiya ittihamları və İrəvandakı kütləvi həbslər də bunu göstərir.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq vurğulayıb ki, Sərkisyanın ən etibarlı silahdaşı, müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həbs edilməsi Paşinyanın planın icrası istiqamətində atdığı ilk addımı idi:

“Böyük maliyyə imkanlarına və hərbi gücə malik olan Manvel Qirqoryan Sərkisyanın təlimatı ilə hərbi çevrilişə hazırlaşırdı. Çevrilişə parlament seçkiləri ərəfəsində cəhd edilə bilərdi. Amma qərbpərəst Paşinyanın “Qarabağ klanı”na qarşı hərəkətə keçməsi Serj Sərkisyan – Kreml yaxınlaşmasını bir qədər də sürətləndirdi. Çünki Paşinyandan narazı olan Rusiya Sərkisyana qarşı artan hücumların öz əlehinə olduğunu düşünür. Bu, Rusiyanın Ermənistandakı qruplarını sıradan çıxara bilər. Bu qruplar sıradan çıxarılmasa, Paşinyan islahatlara baş tutmayacaq. Lakin hələlik Sərkisyan və Rusiya Paşinyanın bu həmlələrinə müqavimət göstərmir. Bununla belə Ermənistanı qarşıdakı günlərdə gərgin proseslər gözləyir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Serj Sərkisyan və Rusiyanın Paşinyan hökumətində təmsil olunan ən yaxın adamının, baş nazirin müavini Karen Karapetyanın istefa verməsinin də nəticələri olacaq:

“Rusiya Paşinyandan Karapetyanı yüksək posta təyin etməsini istəyəcək. Moskva çalışır ki, yeni hakimiyyəti öz nəzarətində saxlasın. Bunu Karen Karapetyanla etmək istəyir. Lakin Nikol Paşinyanın kabinetinə fikir versək, burada Rusiyaya bağlı şəxsləri görmək mümükün deyil. Buna görə də Karapetyanın yeni hakimiyyətdə təmsil olunacağı real görünmür. Bu baxımdan da yaxın vaxtlarda Ermənistanda siyasi vəziyyətin normallaşacağı inandırıcı deyil. Hər halda Paşinyanın Rusiyaya qarşı atdığı radikal addımların ağır nəticələri olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər