Türkiyə və ABŞ Silahlı Qüvvələri Suriyanın Menbiç şəhərində patrul xidmətinə başlayıblar. Ayrı-ayrılıqda həyata keçirilən əməliyyatların ilk görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı foto-şəkillərdə ABŞ hərbçilərinin türk hərbi birliklərini müşayiət etdiyi də diqqətdən yayınmır.
“Defense Post” yazır ki, ABŞ hərbçiləri patrul xidmətini yerinə yetirən Türkiyə hərbi birliklərini müəyyən məsafələrdən müşahidə altında saxlayır.
İki ölkənin ordu birləşmələri ABŞ liderliyindəki koalisiya qüvvələrinin müəyyən etdiyi sərhəd xəttində eyni vaxtda patrul xidmətini həyata keçirirlər.
ABŞ prezidentinin Anti-İŞİD koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqurk açıqlama verərək, Türkiyə ilə birlikdə Suriyada İŞİD-ə qarşı mübarizəyə başladıqlarını bildirib. O, birgə mübarizədə əsas məqsədin İŞİD-in mövqelərini zəiflətmək olduğunu diqqətə çatdırıb.