İranda başlayan iğtişaşlar bu ölkə üçün yaxşı heç nə vəd etmir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.
Politoloq qeyd edib ki, ABŞ, yaxud, Qərb İrana qarşı təzyiqləri sərtləşdirmək üçün iqtisadi və maliyyə rıçaqlarından istifadə edir:
“İrana qarşı iqtisadi təzyiq vasitələrinin işə salınacağı gözlənilən idi. ABŞ nüvə anlaşmasından çıxdıqdan sonra bu ehtimallar özünü daha da gücləndirdi. Lakin İrana qarşı təzyiqlər təkcə iqtisadi amillərlə bitmir. Qərb, yaxud, ABŞ İrana bir neçə istiqamətdə təzyiq edir”.
Vüqar Zifəroğlu Qərbin İranı çökdürmək üçün 4 istiqamətdə hərəkət edəcəyini diqqətə çatdırıb:
“Birinci, yenidən İrana qarşı iqtisadi sanksiyalar tətbiq edilir. İkinci tərəfdən, İranı siyasi cəhətdən də təcrid etməyə çalışacaqlar. Bu istiqamətdə maksimum səylər göstərilir. Bu proses davam etdiriləcək. Üçüncü tərəfdən isə İran daxilindəki narazı qüvvələrin aktivləşdirilməsinə başlanılacaq.
Daxili təzyiqlərin artırılması üçün sosial narazılıqlardan, insan haqları, xüsusilə də qadın haqları ilə bağlı amillərdən təzyiq vasitəsi kimi istifadə edəcəklər. Son 2 ayda İranın bir sıra iri şəhərlərində çarşab məsələsi ətrafında gərginlik yaşanır. Qadınlar baş örtüklərindən imtina edib öz narazılıqlarını dilə gətirməyə başlayıblar.
Digər yandan isə dərviş məsələsi də gündəmdədir. Yaxın zamanlarda dərvişlərin qiyamı baş vermişdi. Bu hərəkata rəhbər edən şəxslərin birini edam da etdilər. Bununla bağlı beynəlxalq təşkilatlar İrana öz narazılıqlarını bildirdilər, sərt bəyanatlar verdilər. Lakin dərvişlərin lideri həbs edildi. Üstəgəl, keçən il həbs edilmiş dərviş qadınlara işgənclərin verilməsi ilə bağlı məsələ gündəmə gəldi. Yəni, hazırda bu istiqamətdə də, İranda narazılıqlar davam edir.
Daxili təzyiq vasitəsi kimi milli azlıqlardan da istifadə ediləcək. Son bir ay ərzində etnik zəmində Sistan, Əhvaz və Bəlucistan bölgələrində silahlı qarşıdurmalar yaşandı. Bu mənada, İrana qarşı “etnik kart”lardan istifadə etməyə çalışacaqlar”.
V.Zifəroğlunun sözlərinə görə, İrana qarşı digər istiqamətdə atılacaq 4-cü addım isə bu ölkənin Yaxın Şərqdəki mövqelərinin vurulması ola bilər: “Buna görə də hesab edirəm ki, İranın Yəmən, Suriya və İraqdakı mövqeləri hədəf alınacaq. Son zamanlarda bu ölkələrdə İranla bağlı maraqlı proseslər gedir. Bu baxımdan, İranın Yaxın Şərqdəki mövqelərinin vurulmasının şahidi olacağıq. Hesab edirəm ki, İran daxilində gedən proseslər sosial-iqtisadi zəmində baş vermir, bu, İrana qarşı hazırlanmış kompleks tədbirlər planının tərkib hissəsidir. Burada məqsəd İranı diz çökdürməkdir. Qərb, yaxud, ABŞ bu daxili narazılıqlardan maksimum istifadə etməyə çalışacaq”.