İraq Türkmənləri Cəbhəsinin (İTC) lideri, Kərkükün deputatı Ərşad Salehi Baş nazir Fuad Məsumla görüşüb.
Teleqraf.com xəbər verir ki, paytaxt Bağdadda baş tutan görüşdə Kərkükdə baş verən son hadisələr müzakirə edilib.
Ərşad Salehi silahlı kürd peşmərgələrinin bölgədə vəziyyəti gərginləşdiriklərini baş nazirin diqqətinə çatdırıb. O, həmçinin Kürdüstan Vətənpərvərlər İttifaqı və bir sıra kürd partiyalarla İraq hökuməti arasında Kərküklə bağlı separatçı anlaşmanın imzalandığını da bildirib.
İTC lideri kürdkökənli baş nazirin diqqətinə çatdırıb ki, həmin anlaşma əsasında silahlı kürd peşmərgələrinin yenidən Kərkükdə yerləşdirilməsi qəbuledilməzdir və bu, bölgədə sabitliyi pozacaq:
“Kürdlər Kərkükə qayıtmaq üçün hökumətdən dəstək istəyirlər. Buna görə də, peşmərgələr İraq hökumətindən tələb edirlər ki, silahlı kürd birləşmələrinin Kərkükdə yerləşdirilməsi üçün təhlükəsizlik qüvvələri ilə birgə əməliyyat hazırlansın. Biz hesab edirik ki, bu istiqamətdə atılacaq addımın nəticələri yaxşı olmayacaq. Peşmərgələrin Kərkükə qayıdışı qorxulu problemləri də ortaya çıxaracaq”.
Qeyd edək ki, İraqda yaşayan türkmənlər artıq kömək üçün Türkiyəyə müraciət ediblər.