Növbəti dəfə Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ənənəyə sadiq qalaraq ilk rəsmi səfərini Azərbaycana edəcək. Türkiyə Prezidentinin bu səfəri digər səfərlərindən fərqli olaraq, iki ölkə arasında hərbi müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidentinin Azərbayacana gözlənilən səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə belə deyib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dərin siyasi-iqtisadi əməkdaşlıq hazırda da öz dinamikası ilə davam edir:
“Türkiyənin Suriyada, İraqdakı aktiv siyasəti Ankaranın Cənubi Qafqazda da möhkəmlənməsini labüd edir. Rusiya Ermənistan, ABŞ Gürcüstan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını inkişaf etdirir. Türkiyə də məhz Azərbaycan vasitəsilə regionda güclənməlidir”.
Politoloq əlavə edib ki, Rusiyanın ümumi maraqlarına görə Türkiyə Cənubi Qafqaz siyasətində bir qədər məsafə saxlayır:
“Türkiyə rəhbərliyi regionda gedən dəyişikliklərin fərqindədir və hesab edirəm ki, ölkəmizlə hərbi müttəfiqlik müqaviləsi bağlayacaq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk səfərini iyulun 10-da Şimali Kiprə edəcəyi, daha sonra Azərbaycana gələcəyi gözlənilir.