2 İyul 2018 12:59
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Mücahidlər Təşkilatının lideri, bu qurumun yaratdığı Müqavimət Şurasının sədri Məryəm Rəcəvi ölkədə hakimiyyət dəyişikliyinin olacağı anonsunu verib. Rəcəvi bu fikirləri təsadüfən səsləndirməyib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Politoloq sözügedən təşkilatların İranda güclü sosial bazasının olduğuna diqqət çəkib:

“Bu təşkilatlar Avropada fəaliyyət göstərir. Bir müddət əvvələ qədər İraqda yerləşdirdi, daha sonra Avropaya – Fransaya köçdülər. İranda ən güclü müxalifət təşkilatı Mücahidlər Təşkilatı, yaxud Müqavimət Şurası sayılır. İran hakimiyyətinin daxilində də rejimə müxalif düşüncədə olan insanlar var. Ölkədəki Yaşıllar Hərəkatı, Milli Cəbhə kimi ayrı-ayrı müxalif təşkilatlar fəaliyyət göstərir.

Mücahidlər isə hakimiyyətlə heç bir əlaqəsi olmayan və güclü sosial bazaya malik müxalifət təşkilatıdır, onun silahlı qolları da var. İranın nüvə proqramının aşkarlanmasında ABŞ-a yardım edib”.

Sədrəddin Soltan İranda baş verəcəyi ehtimal olunan hakimiyyət dəyişikliyindən də danışıb: “Dəyişikliklər gözləniləndir. Məryəm Rəcəvi bu fikirləri boş yerə səsləndirməyib. Son illər İranda və regionda gedən proseslər, bu ölkədə ciddi islahatların həyata keçiriləcəyi, yaxud dəyişikliklərin olacağı ehtimalının yüksəldiyini göstərir.

Müəyyən zamandan sonra bütün diktatura rejimləri dağılır və yeniləri qurulur. Bu baxımdan, baş verən gərgin siyasi proseslər fonunda İranda dəyişiklərin olacağı istisna deyil. İranda gərginlik hakimiyyət böhranına gətirib çıxara bilər”.

Qeyd edək ki, Məryəm Rəcəvi İranda iqtidarda olan mövcud dini-siyasi rejimin devriləcəyini, qarşıdakı 6 ay ərzində yeni respublikanın qurulacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər