İran Mülki Müdafiə Qurumunun rəhbəri general Qulamrza Cəlali ölkə səmasına daxil olan buludların oğurlandığını iddia edib.
Teleqraf.com ISNA-ya istinadla xəbər verir ki, bu barədə Cəlali paytaxt Tehranda keçirilən 3-cü Mülki Müdafiə Konfransında çıxışı zamanı söyləyib:
“İranda meydana gələn iqlim dəyişikliyində əcnəbilərin barmağının olması şübhəsi var. Ölkədəki elm mərkəzləri də bunu təsdiq edir. İsrail və qonşu ölkələrdən biri İrana yağış buludlarını daxil olmasına mane olur. Bulud və qar oğurluğu ilə üz-üzəyik”.
Meteoroloji Proqnoz və Xəbərdarlıq İdarəsinin baş direktoru Qurbanəli Vəzifə isə bildirib ki, elmi olaraq bir ölkənin bulud və ya külək oğurlaması mümkün deyil.
O, buludların kifayət qədər sıxlığa çatanda yağışın yağdığını, əks təqdirdə bunun mümkün olmadığını söyləyib.
Qurbanəli Vəzifə İranın uzun müddət davam edəcək quraqlıqla qarşı-qarşıya olduğunu bildirib.
İranda yağışın və su ehtiyatlarının azalması ölkədə böhrana səbəb olub.