İndiki Baş nazir Nikol Paşinyan hakimiyyəti qiyam yolu ilə ələ keçirəndə bunun Ermənistanda hansı proseslərə yol açacağını müəyyənləşdirmişdi.
Bunu Teleqraf.com-a açıqlamasında hərbçi-ekspert Ramil Məmmədli deyib.
Ekspert son həftələrdə Ermənistanda keçmiş prezident Serj Sərkisyan və “Qarabağ klanı”na qarşı artan hücumların və kütləvi həbslərin təsadüfi olmadığını bildirib:
“Həm Ermənistanın indiki hakimiyyəti, həm də xaricdəki erməni diasporu Sərkisyan və ona bağlı komandanı zərərsizləşdirmək istəyirlər. Paşinyan sadəcə olaraq, özünə mane olacaq əsas qüvvəni bitirmək niyyətindədir. Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dönəmində “Qarabağ klanı”na daxil olan qüvvələr oliqarxlaşmışdılar və mövqlərini kifayət qədər möhkəmlətmişdilər. Həmin komanda Ermənistanın Qərbə meyillənməsinin qarşısında ciddi əngələ çevrilmişdi. Buna görə də Qərbyönümlü Paşinyan məqsədinə çatmaq üçün daxili siyasətini bu komandanın zərərsizləşdirilməsi istiqamətində qurub.
Əslində Paşinyanın bu həmlələri Rusiyaya qarşı yönəlib. Diqqət etsək, görərik ki, Nikol Paşinyan ilk növbədə Rusiyaya bağlı olan şəxsləri rəhbər, yaxud, strtateji postlardan uzaqlaşdırır. Yəni, Paşinyan bununla həm də Rusiyanın Ermənistandakı mövqelərini zərərsizləşdirir”.