Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə Şimali Afrika ölkələrinin quruma üzv təşkilatlarının, eləcə də Mərakeşdə fəaliyyət göstərən aparıcı gənclər təşkilatılarının iştirakı ilə Şimali Afrika üzrə İƏT Gənclərinin Beynəlxalq Məşvərət İclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Məşvərət İclasının əsas məqsədi bu ilin aprel ayında Bakıda keçirilən İƏT Gənclər və İdman nazirlərinin IV-cü Konfransında qəbul edilən İƏT Gənclər Strategiyası və Gənclərin Birgə Fəaliyyət Planı sənədlərinin reallaşdırılması, icrası və bu istiqamətdə yeni ideyaların və layihələrin müzakirə edilməsi olub. Tədbirə sədrlik edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov təşkilatın sədri səfir Elşad İskəndərovun iştirakçılara ünvanlanan müraciətini oxunub.
Müraciətdə Elşad İskəndərov gənc liderləri kreativ ideyalar ətrafında müzakirələr aparmağa və Gənclər Strategiyasının icrası ilə bağlı layihələrdə Afrika regionu gənclərini aktiv olmağa, bu layihələrdən regionun inkişafı üçün maksimum yararlanmağa çağırıb.
Daha sonra İƏT Gənclər Forumunun əməkdaşı Alpay Əhmədov Forumun həyata keçirdiyi beynəlxalq layihələr - Gənclər Sivilizasiyaların İttifaqı Uğrunda, Xocalıya Ədalət beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Gənc İş Adamları Şəbəkəsi, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Startap və digər layihələr haqda geniş təqdimatla çıxış edib.
İƏT Gənclər Forumu bu layihələrin ən uğurlu olanlarını Gənclər Strategiyasının icrası çərçivəsində qismən maliyyələşdirəcəyini bildirib.