7 İyul 2018 12:30
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycan Milli Oyanış Hərəkatı ( GAMOH) iyulun 3-də Babək qalasına yürüşlə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda yürüş təşkilatçılarına və yürüşdə iştirak edən azərbaycanlı fəallara təşəkkür edilib.

Bəyanatda deyilir:

“Şübhəsiz ki, bu gün Güney Azərbaycan Milli Hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Bütün şəhərlərimizə Babək qalasına yürüş üçün çağırış edildi. Babək qalası Güney Azərbaycan Milli Hərəkatının bayrağının dalğalandığı ilk yerdir.

Çağırışlarımıza müsbət cavab aldıq və yürüş yüz minlərlə insanın iştirakı ilə baş tutdu. İran dövlətinin bütün təzyiqlərinə, qala yolunun polis və hərbi qüvvələr tərəfindən bağlanmasına baxmayaraq, xalqımız qalaya çatmağı bacardı.

Milli Hərəkat öz ruhunu hər zaman millətdən alıb. Mədəni mübarizəmizin öncüllərindən olan Abbas Lisani və onlarla silahdaşının həbs edilməsinə baxmayaraq, millətimizin sadiq övladları Vətənini və millətini həmişə müdafiə etdiklərini sübut ediblər.

İnanırıq ki, Güney Azərbaycanın milli bayrağı ətrafında toplanan türk milləti müstəqilliyini qazanana qədər mübarizəsini davam etdirəcək. GAMOH olaraq, bütün xalqımıza təşəkkürlərimizi bildirir və haqsız yerə onlarla mədəni fəallarımızın İran dövləti tərəfindən həbs edilməsini qınayırıq. Tezliklə milli fəallarımızın azad edilməsini tələb edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər