7 İyul 2018 19:30
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Prezidenti Gyorge İvanov ölkəsinin adını dəyişməkdən ikinci dəfə imtina edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, dövlət baçısı bununla bağlı ona təqdim edilmiş qərarnaməni qəbul etməyib.

“Makedoniya prezidenti makedon milli kimliyinə və Makedoniya Respublikasına zərər verən anlaşmanı qəbul etmir. Prezident İvanovun rəsmi mövqeyi də belədir. Heç bir təzyiq bu qərarı dəyişməyəcək”, - deyə prezidentin rəsmi saytında bildirilib.

Qeyd edək ki, parlamentin məsələ ilə əlaqədar qanun layihəsini qəbul etməsindən sonra prezidentin addəyişmə qərarnaməsini imzalayacağı gözlənilirdi.

Makedoniyanın adının Şimali Makedoniya Respublikası olaraq dəyişdirilməsinə dair ilk qanun layihəsi iyunun 18-də qəbul edilmişdi. Prezident Gyorge İvanov isə Yunanıstanla əldə edilmiş anlaşmanı imzalamaqdan imtina etmişdi.

Xatırladaq ki, Yunanıstan və Makedoniya arasında 1991-ci ildən adla bağlı böhran yaşanır. Yunanıstan Makedoniyadan adını dəyişməsini tələb edir. Rəsmi Afina bu tələbini Yunanıstanda Makedoniya adlı bölgənin olması ilə əlaqələndirir.

Yunan hökuməti adını dəyişməyəcəyi halda Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə qarşı qoyduğu vetonu ləğv etməyəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər