Güney Azərbaycanda iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşü ərəfəsində çox sayda milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Babək qalası yürüşünün yekunlaşmasına baxmayaraq, həbslər dalğası davam edir. Son məlumata görə, Yaşar Həsənpur Babək qalası yürüşündən qayıtdıqdan sonra – iyulun 7-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Milli fəalın mülki geyimli məmurlar tərəfindən Təbrizdə öz evində saxlandığı bildirilir.
Bununla da iyulun 2-dən başlayan yeni həbslər dalğasında ən azı 64 nəfərin saxlandığı dəqiqləşib. Saxlanılan fəallar əsasən Təbriz, Urmiyə, Ərdəbil, Tehran, Meşkinşəhr (Xiyav), Xalxal, Muğan, Kəleybər, Bostanabad, Culfa, Marağa, Sulduz və Salmas şəhərinin sakinləridir.
Bütün təzyiqlərə baxmayaraq, Babək qalası yürüşü iyulun 5-i və 6-da möhtəşəm keçirilib. Mərasimə qatılan fəalların təhlükəsizlik qüvvələri tərəfindən təqib olunması və gələcək günlərdə saxlanılması gözlənilir.