9 İyul 2018 10:21
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın tanınmış incəsənət xadimi və mədəni fəal Abbas Nikrəvan ETTELAAT-ın Salmas şəhərindəki təcridxanasında aclıq aksiyasına başlayıb.

Teleqraf.com-a bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib.

GAMOH yetkilisi qeyd edib ki, azərbaycanlı fəal iyulun 5-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən iş yerində saxlanılıb.

O, təcridxanada təknəfərlik kamerada saxlanılır. Azərbaycanlı mədəni fəal Babək qalasına yürüşü ərəfəsində başlayan kütləvi həbslər vaxtı saxlanılıb.

Qeyd edək ki, Salmas şəhərində yaşayan A.Nikrəvan Güney Azərbaycanın tanınmış incəsənət xadimlərindən biridir. O mədəni fəalliyyətlərinə görə bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, nağd cərimə ödəyib və müxtəlif təzyiqlərə məruz qalıb.

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanda keçirilən ənənəvi Babək qalası yürüşü ilə əlaqədar çoxlu sayda milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılan fəallardan 70-nin kimliyi müəyyən olub.

Əldə etdiyimiz son məlumata görə, saxlanılan fəallardan 30-u azadlığa buraxılıb. Azadlığa buraxılan fəalların bir çoxu yaxalanarkən döyüldüklərini bildiriblər. Hazırda təcridxanalarda saxlanılan təxminən 40 azərbaycanlı fəal haqda geniş məlumat yoxdur, onların əksəriyyətinin harada saxlandığı məlum deyil.

Əldə etydiyimiz məlumata görə, Babək qalasına yürüşün başa çatmasına baxmayaraq, həbslər davam edir. Son məlumata görə, Salar Əfşari və Rəhman Qasimi Urmiyada təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb. Babək qalası yürüşündən sonra iyulun 7-də yaxalanan fəalların harada saxlanıldığı isə məlum deyil.

Təbrizdə saxlanılmış Yaşar Həsənpurun da naməlum istiqamətə aparıldığı bildirilir. Urmiyada da daha bir fəalın yaxalandığı barədə xəbər yayılıb. Məlumata görə, iyulun 7-də Ulduz Qasimi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Azərbaycanlı fəallar Əbülfəzl Bidoxt və Rəhim Əli Rzayinin də saxlanılaraq naməlum istiqamətə aparıldıqları məlum olub. Həmçinin, urmiyalı fəal Qulam Quluzadənin də saxlanılan fəallar arasında olduğu bildirilir. Q.Quluzadəyə təcridxanada işgəncə verildiyi deyilir.

Qeyd edək ki, Babək qalasına yürüş iyulun 5-6 tarixlərində keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər