Suriya ilə bağlı ABŞ və Rusiya arasında müəyyən razılaşmaların olacağı ehtimal edilir. ABŞ-ın əsas məqsədi Bəşər Əsədin hakimiyyətdən getməsinə nail olmaqdır ki, bununla əlaqədar Rusiya ilə anlaşa bilmir.
Teleqraf.com-a açıqlamasında politoloq Sədərddin Soltan belə deyib.
Politoloq qeyd edib ki, Suriyadakı kürdlərlə bağlı da ABŞ və Rusiya arasında fikir ayrılıqları var:
“ABŞ-ın Suriyada 8-dən çox hərbi bazası var, bu məsəldə də heç kəsə güzəştə getmir. Suriyada İŞİD məsələsi bitib. İran, Rusiya və ABŞ ayrı-ayrılıqda bunu bəyan ediblər. İndi əsas məsələ Suriyanın gələcəyi ilə bağlıdır. ABŞ əvvəllər Suriyanın parçalanmasını istəyirdi. Bu parçalanma nəticəsində Suriya sünnilər, şiələr və kürdlər arasında 3 dövlətə parçalanmalıydı. Bu parçalanma İraq ərazilərini də əhatə etməliydi.
Türkiyə buna qarşı çıxdı. Sonra məlum oldu ki, bölgədə yeni dövlətlərin yaranmasına əsas dəstəyi Qərb verir. Əsas səbəb də regionda Qərbin maraqlarına xidmət edən dövlətlərin yaradılmasıydı. Amma Türkiyənin ciddi etirazları bu prosesi dayandırdı. Keçən il İraqın şimalında kürdlərin keçirdikləri müstəqillik referendumu da məğlubiyyətə uğradı. Çünki qonşu dövlətlərin heç biri bu addıma dəstək vermədilər”.
Sədrəddin Soltanın sözlərinə görə, iyulun 16-da ABŞ və Rusiya prezidentləri arasında keçiriləcək görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri də Suriyanın gələcəyi ilə bağlıdır:
“Demək olar ki, böyük güclər İraq məsələsini həll ediblər. Məlum oldu ki, ən azı yaxın dövr üçün İraqın şimalında müstəqil kürd dövləti qurulmayacaq. Kürdlərə muxtariyyət verilib, bununla kifayətlənməlidirlər.
Hesab edirəm ki, Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşdə də oxşar məsələlər müzakirə edilə bilər. Müzakirə ediləcək məsələlərdən biri də Suriyadakı rejimin başçısı Bəşər Əsədin taleyi ilə bağlıdır. Suriyadakı silahlı qruplaşmalar və digər məsələlər də müzakirə ediləcək. Bu müzakirələrdən sonra kimin kimə hansı güzəşti edəcəyi məlum olacaq. İndiyədək ABŞ və Rusiya Suriyadakı mövqelərini biri-birlərinə güzəştə gedə bilməyiblər.
Məsələn, bu güzəştlərdən biri İranın Suriyadakı mövqeləri ilə bağlıdır ki, bu baxımdan Rusiya İranı, yaxud, Bəşər Əsədi öz maraqları naminə ABŞ-a sata bilər. Amma Rusiya Suriyadakı bazalarının çıxarılmasına heç vaxt razı ola bilməz. Əlbəttə, hansı anlaşmaların olub-olmayacağı Putin və Tramp arasında keçiriləcək görüşdən sonra məlum olacaq”.