Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüşü, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində yeni dönəmin başlanğıcı adlandırmaq olar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Ermənistanda hakimiyyət dəyişikliyinin baş verdiyinə diqqət çəkən politoloq hesab edir ki, bu baxımdan, məsələyə yeni baxış bucağı ortaya qoymaq mümkündür:
“Lakin Nikol Paşinyanın Ermənistanda ciddi dayağı yoxdur. Bunun üçün yeni seçki qanunu qəbul edilməlidir, növbədənkənar parlament seçkiləri keçirərək, demokratik hökumət və parlament formalaşdırılmalıdır. Bundan sonra Ermənistanın yeni hakimiyyətinin Qarabağ məsələsinə hansı prizmadan yanaşacağını demək olar. İndiki məqamda isə bunlar olmadığı üçün Ermənistanın yeni hakimiyyətinin münaqişənin həll prosesində fəallıq göstərəcəyini düşünmürəm.
Xarici işlər nazirlərinin son görüşü də göstərdi ki, Paşinyan Qarabağdakı separatçı rejimi “üçüncü tərəf” kimi danışıqlara cəlb etməklə, vaxt uzatmağa çalışacaq. Lakin bunun real olmadığı Paşinyana bildirilib. Brüsseldəki NATO sammitində də Paşinyan başa salındı”.
Natiq Miri vurğulayıb ki, xarici işlər nazirlərinin bundan sonrakı görüşündə əsas parameterlər üzrə danışıqların davam etdirilməsi razılaşdırılmalıdır: “Əks halda, Azərbaycan nəticəsiz danışıqlar masası arxasında oturmamalıdır. Çünki indi Azərbaycan güc baxımından, prosesdə diktə edən tərəfdir. Azərbaycanın son uğurlu əməliyyatları və cəbhə xəttində işğalçı üzərində artırdığı təzyiqlər də bunu göstərir. Ermənistanın isə danışıqlar masasında alternativi yoxdur. Buna görə də ilk görüşü müsbət dəyərləndirmək lazımdır”.