Almaniya xarici işlər naziri Heiko Maas Ağ evə artıq inanmayacaqlarını bildirib.
Teleqraf.com xəbər verir ki, nazir yerli mətbuata açıqlamasında ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə (AB) “düşmən” kəsildiyini və AB-nin buna qarşı birgə dirəniş göstərməsinin vacibliyini qeyd edib.
"Ağ evə artıq qeyd-şərtsiz güvənməyin. Əməkdaşlıq üçün şərtlər yenidən gözdən keçirilməlidir. Bunun üçün özgüvənli və müstəqil AB-nin olması vacibdir. Trampın tvitterləri absurddur. Onun tvitləri Avropanı bölməməli, AB ölkələrini bir-birinə daha yaxın etməlidir".
Avstryanın iqtisadiyyat naziri Marqarete Schramböck Trampın AB-ni düşmən kimi görməsinə sərt təpki verərək qeyd edib ki, Avropa ABŞ-ın düşməni yox, dostudur: "Biz ABŞ-dan dostluğun qarşılığını görmək istəyirik. Fəaliyyətimizə qiyməti tvitterdən öyrənmək istəmirik".