19 İyul 2018 18:28
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə NATO sammitində Gürcüstanın bu quruma tezliklə üzv olacağı barədə bəyanat Kremli narahat etməyə başlayıb. Rusiya öz qərb və cənub sərhədlərində NATO-ya qarşı fövqəladə güc hazırlayır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, Helsinkidə Putinin Trampla görüşündə NATO-nun Rusiyanın sərhədlərinə irəliləməsinə adekvat cavab veriləcəyini söyləməsi situasiyanın gərgin olduğunu göstərir: “Buna baxmayaraq, Şərqi Avropada Rusiyanın NATO-ya cavab verməsi mümkün deyil. NATO-nun Şərqə genişlənməsinə qarşı Rusiya preventiv tədbirləri hazırlamaqla, Gürcüstanın digər ərazilərinin işğalını reallaşdıra bilər. Bundan əlavə, ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizmi alovlandıra bilər. Nəzərə almaq lazımdır ki, Cavaxetiya erməniləri daima separatizmə meylli olublar. Rusiya Ermənistandakı “102-ci” hərbi bazasından Cavaxetiya ermənilərini silahlandırmaqla Gürcüstan mərkəzi hökumətini NATO-ya üzvlükdən çəkindirməyə çalışa bilər”.

Politoloq qeyd edib ki, hazırda rəsmi Tiflislə Kreml arasında söz dueli davam edir və Kreml Tiflisə diplomatik kanallarla hədələyici mesajlar verir: “NATO rəhbərliyi Moskvanın bu təhdidləri fonunda Gürcüstanın Alyansa üzvlüyünü təxirə sala bilər. Gürcüstana qarşı Rusiyanın işğal planı son dərəcə real və təhlükəli olaraq qalır. Nəzərə alaq ki, Cənubi Osetiyada Rusiyanın hərbi bazaları var, Osetiya ilə Gürcüstan arasında süni sərhəd məsələsini qaldırmaqla, osetin qüvvələrini silahlandıraraq, Gürcüstanın içərilərinə doğru irəliləmək iqtidarına sahibdir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanın Rusiya ilə hərbi toqquşması baş verərsə, 2008-ci ilin avqustunda olduğu kimi Qərb Tiflisə hərbi dəstək verməyəcək: “Hazırda Gürcüstana görə hərbi toqquşma Qərb üçün arzuolunan deyil, Ukraynanı real döyüş meydanında Rusiya ilə üz-üzə qoydu və nəticədə Ukrayna ərazisinin bir hissəsini faktiki şəkildə itirmiş oldu. Hazırda Rusiyanın Cənubi Qafqaza real hərbi təhlükəsi Gürcüstan üzərində qalır. NATO Gürcüstanı tərkibində görmək istəyirsə, mütləq şəkildə hərbi kontingentini Gürcüstanda yerləşdirməlidir. Bundan sonra Gürcüstan Rusiyanın hərbi işğal və təzyiqlərindən qoruna bilər. NATO-Rusiya qarşıdurması Gürcüstan üzərində yeni mərhələyə qədəm qoyur”.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər