Pentaqonun rəhbəri Ceyms Mettis ABŞ Konqresinə müdafiə xərcləri mövzusunda yazdığı və mətbuatda yayılan məktubunda Türkiyəyə F-35 qırıcılarının təslimatı mövzusuna da toxunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin xəbərinə əsasən, Müdafiə naziri yazdığı gizli məktubda rəsmi Ankaranın F-35 döyüş təyyarələri veriləcək ölkələrin siyahısından çıxarılmasına qarşı olduğunu qeyd edib.
Mettis Türkiyəyə təhvilinin dayandırılmasının beynəlxalq tədarük zəncirinin pozulmasına səbəb olacağını, bunun da xərclərin artması və təslimatın ləngiməsi ilə nəticələnəcəyini bildirib.
Nazir həmçinin Türkiyənin F-35 satılan 8 əsas ölkədən biri olduğunu xatırladıb.
Qeyd edək ki, Konqresin bəzi nümayəndələri Türkiyənin Rusiyada S-400 zenit raket kompleksi almasına cavab olaraq F-35 qırıclarının təhvil verilməsini ləğv etməyi təklif edib.