22 İyul 2018 16:44
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kiprdə ATƏT-in dəstəyi ilə hazırlanan “Önəm daşıyan kəlmələr” adlı tərcümə kitabçası Yunan Kiprində ciddi müzakirə və mübahisələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, sözlüyü hazırlayan ekspert qrupunda təmsil olunan qəzetçi Mariya Siakalli buna görə ölüm təhdidi alıb, onun Türkiyənin agenti olduğu iddia edilib.

Qeyd edək ki, ATƏT-in dəstəyi ilə hazırlanan kitabçada “işğal”, “sərhəd”, “yunan lider”, “qanunsuz liman”, “Şimali Kipr, “Cənubi Kipr”, “Ana vətən”, “işğalçı əsgər”, “sülh qüvvələri” kimi sözlərdən istifadə olunmaması tövsiyə olunur.

56 səhifəlik kitabın ATƏT-in media üzrə komissarı Harlem Desirin Kipr adasına etdiyi ziyarətdən sonra yayılması Yunan Kiprində qalmaqala yol açıb. Yunan lider Nikos Anastasiads hesab edir ki, baş verənlər işğal faktıdır: “BMT-nin qərarları var. Tarixi görməzdən gəlmək olmaz. Kipr problemi tədbirlərlə həll ediləcək, sözlərlə deyil. İşğal faktı Kipr problemi həll edildikdə və türk əsgəri adanı tərk etdikdən sonra işğal olmaqdan çıxacaq”.

Kitabçanın ATƏT-in dəstəyi ilə hazırlanmasının şəxsən onu narahat etdiyini dilə gətirən yunan lider bu proseslərə qarışmaq istəmədiyini söyləyib:

“Ancaq guya dostluq yaradılması adı altında belə toplantılar keçirməyi nəticəsiz hesab edirəm. Kipr probleminin həlli yolu bu deyil”.

Şimali Kipr Türk Cümhuriyyətinin media üzrə rəsmisi Əli Kişmir deyib ki, faşizmin dili, dini və irqi yoxdur:

“ATƏT-in çətiri altında 4 qəzetçinin hazırladığı kitabçanın Cənubi Kiprdə çirkin və əxlaqsız hücumlara məruz qalması geriliyin üst səviyyədə olduğunu göstərir”.

ATƏT-in media üzrə komissarı Harlem Desir də qəzetçi Mariya Siakallinin yanında olduğunu bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər