22 İyul 2018 17:45
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholm Beynəlxalq Sülh Araşdırması İnstitutu dünyanın ən böyük silah ixracatçısı olan ABŞ-ın silah satışı barədə araşdırmasının nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Cənubi Amerika ilə Avropadakı strateji coğrafiyada yerləşən müttəfiqlərinə daha çox silah satıb.

Son illər qarşıdurmanın kəskinləşdiyi Orta Şərq və Afrika ölkələrinə olan silah ixracatı isə genişlənib.

“ABŞ 1950-1960-cı illərdə SSRİ ilə apardığı mübarizə çərçivəsində Kanada, Fransa, İngiltərə, Qərbi Almaniya və Türkiyə kimi yaxın müttəfiqlərinə önəmli çərçivədə silah ixracatı həyata keçirib”,- Stokholm Beynəlxalq Sülh Araşdırması İnstitutunun raportunda qeyd edilib.

Əlavə olunub ki, 1960-1970-ci illər arasında Orta Şərq ölkələrinə ABŞ-dan çoxlu sayda silah tədarükü həyata keçirilib. Bu illərdə Avropada Qərbi Almaniya, Orta Şərqdə isə İsrail, habelə Şah idarəçiliyi altında olan İran ABŞ-dan ən çox silah alan ölkələr olub.

1970-1980-cı illər arasında ABŞ-ın Avropa qitəsinə silah satışında azalma qeydə alınıb. Bu illərdə ABŞ-ın əsas müştəriləri hərbi çevrilişlər və daxili müharibələr yaşayan Latın Amerikası ölkələri olub. Bu illərdə ABŞ Orta Şərqə silah tədarükünü əvvəlki onilliklə müqayisədə 3 dəfə artırıb. Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Oman kimi ölkələr Vaşinqtonun əsas müştəriləri olub.

İranda Şah rejiminə böyük partiya silahlar satan ABŞ İranda 1979-cu ildə baş verən islam inqilabından sonra bu ölkəyə silah satışını tamamilə dayandırmalı oldu.

ABŞ 1990-2000-ci illərdə SSRİ-nin dağılmasının təsiri ilə Şərqi Avropa və Balkanlarda yeni qurulan dövlətlərə xeyli miqdarda silah ixrac edib.

2000-2010-cu illərdə ABŞ-ın ən çox silah satdığı dövlət Cənubi Koreya oldu. Son 40 ildir ABŞ-dan ən çox silah alan ölkə isə Səudiyyə Ərəbistanı və Yaponiyadır.


Müəllif: Cavad