23 İyul 2018 23:16
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani iyulun 22-də ölkəsinin xaricdəki səfirləri ilə görüşdə ABŞ-ın Tehrana tətbiq etdiyi sanksiyalarından danışaraq, prezident Donald Trampa xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, H.Ruhaninin çıxışında iki fikir xüsusi diqqət çəkir:

“Ruhaninin birinci fikri bundan ibarətdir ki, Amerika iqtisadi və psixoloji baxımdan İrana təzyiq göstərməklə ölkədə sabitliyi pozaraq iğtişaş yaratmaq niyyətindədir. Yəni, Ruhani də anlayır ki, Trampın məqsədi nüvə məsələsini həll etmək deyil, İrandakı rejimi dəyişməyə nail olmaqdır. Ruhaninin ikinci fikri “Biz Amerikanın sanksiyalarına təslim olmayacaq, müqavimət göstərəcəyik, bizim bağlamaq üçün ixtiyarımızda çoxlu “boğazlar” var” şəklindədir. Ruhani bununla Hörmüz boğazının qapadılmasına işarə edib. Bu boğaz bağlanarsa regional toqquşma qaçılmaz olacaq”.

Politoloqun sözlərinə görə, beləliklə, Ruhani demək istəyir ki, Amerika onu gücsüz saymasın, lazım gələrsə Amerikaya qarşı müharibə əmrini də verə bilər:

“Ruhanini bu çıxışa vadar edən səbəblər var. Birinci səbəb odur ki, sanksiyalar İran iqtisadiyyatını taqətdən salır, daxili və xarici investisiyalar kəsilib, Qərb şirkətləri ard-arda İranı tərk edirlər, üstəlik ölkə daxilində ya işıqlar sönür, ya həftələrlə su kəsilir, müəssisələr yarı gücləri ilə işləyirlər, bu isə sosial etirazların artmasına gətirib çıxarır. Ruhani bu durumda iqtisadiyyatı dirçəldə bilməyəcək, ona görə də Amerikanı hədəf götürüb bütün bəlaların səbəbkarı kimi “böyük şeytanı” göstərməyə çalışır. İkincisi, Ruhanini daxildə də sıxırlar. O, son açıqlaması ilə təhlükəsizlik məsələsində mühafizəkarlardan, o cümlədən ali dini liderdən az mühafizəkar olmadığını sübut etmək istəyir. “Şirin quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxarar”, – bu da Ruhaninin Trampa mesajıdır. Ancaq Amerika da belə mesajlardan çəkinən ölkə deyil”.


Müəllif: Səxavət

Oxşar xəbərlər