Böyük Britaniyada uşaqlardan casus kimi istifadə edirlər.
Teleqraf.com xəbər verir ki, İngiltərədə kəşfiyyat və polisin gizli əməliyyatlar zamanı uşaqlardan casus kimi istifadə etdiyi ortaya çıxıb.
Kəşfiyyat və polis strukturları “terror təşkilatları, mafiya və narkotik satanlara” qarşı həyata keçirdikləri əməliyyatlar zamanı körpələrdən vasitə kimi yararlanıb.
Daxili İşlər Nazirliyinin “Məxfi insani kəşfiyyat qaynağı” adlandırdığı sənəddə uşaqlardan casus kimi istifadə müddətinin “1 aydan 4 aya qədər artırılması” tələbi ortaya çıxıb. Parlamentin komitəsi isə casus kimi istifadə olunan bəzi uşaqların yaşının 16-dan az olmasını əsas gətirərək narahatlığını ifadə edib.
İngilis polisi məxfi əməliyyatlar zamanı hansı sayda uşaqdan istifadə olunduğu haqda informasiya verməkdən imtina edib. Nazirlik bəyan edib ki, belə kateqoriyalı şəxslərin sayı “çox az”dır.
Təhlükəsizlik və iqtisadi cəzalardan cavabdeh olan dövlət naziri Ben Vallace deyib ki, uşaq casuslardan istifadə edərək daxilə sızmadan şəbəkələr haqqında fakt toplamaq çətin olur:
“Uşaq casuslar belə şəbəkələrin iç üzünü daha dərindən anlaya bilərlər. Cinayətkar şəbəkələrdə gənclər bir-birilə sıx münasibət qururlar”.
Bununla da nazir uşaqlardan casus kimi istifadə edilməsi prosesini müdafiə edib.
İngiltərə müxalifəti isə ortaya çıxan bu faktı biabırçı hesab edir.
Yaşıllar Partiyasının funksioneri Cenny Jone isə deyib ki, hökumət qurumlarının uşaqlardan casus kimi istifadə etməsi onda şok yaradıb: “Biz belə bir halın qarşısını almaq məqsədilə qanun layihəsi hazırlayırıq”.
İngiltərə hüquq müdafiə təşkilatları da bu hadisəni pisləyib.