Ermənistan Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sərkisyan Avropaya gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet onun İtaliyada tətilə çıxdığını bildirib: “Əldə etdiyimiz məlumata görə, o, hazırda İtaliyadadır. O, Avropada tibbi müayinədən keçməlidir. Bu barədə onun partiyasından məlumat almağa çalışdıq. Partiyanın parlament fraksiyasının rəhbəri Vaxram Bağdasaryan bunu təkzib etmədi. O, Sərkisyanın 10 gündür Ermənistanda olmadığını bildirib.
Lakin Bağdasaryan Sərkisyanın səhhətində problemin olub-olmadığı haqda məlumat verməkdən imtina etdi”.
“Joxovurd” Serj Sərkisyanın siyasi komandasının keçmiş üzvlərin və ailəsinə qarşı həbslərin başladığı ərəfədə onun Ermənistandan getməsini təsadüfi hesab etmir.
Qəzet qeyri-rəsmi şəkildə korrupsiyada, yaxud dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilən Serj Sərkisyanın Ermənistandan birdəfəlik getdiyini iddia edir. Mənbə bununla bağlı onun avqust ayında ifadə vermək üçün istintaqa çağırıldığını bildirib.