İyulun 15-16 tarixlərində Güney Azərbaycanda Bəzz qalasına keçirilmiş yürüşlə əlaqədar həbs edilmiş 4 milli-mədəni fəal ağır həbsxana şəraitində saxlanılır.
Teleqraf.com xəbər verir ki, milli fəallar - İbrahim Nuri və Cəfər Rüstəmi Tehranın Evin Zindanında, Kiyumərs İslami Muğan zindanında, Qulam Quluzadə isə Urmiya həbsxanasındadır.
Həyat yoldaşı Ziba Pilevər bildirib ki, Cəfər Rüstəmi milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunur. Sərbəst buraxılması üçün milli fəaldan 2 maaş qəbzi, 40 milyon tümən və şəxsiyyət vəsiqəsi tələb edilib.
Ziba Pilevər Cəfər Rüstəmdən xəbər ala bilmədiklərini bildirib.
Cəfər Rüstəmi ilə birlikdə saxlanılan İbrahim Nuri də Evin Zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Müstəntiq fəalın dosyesinə xüsusi baxıldığını və prosesin uzun çəkəcəyini deyib.
İyulun 5-də Muğanda saxlanılan Kiyumərs İslami isə işgəncə altında dindirildikdən sonra Muğan həbsxanasının karantin bölümünə aparılıb. Fəalın azadlığa buraxılması üçün tələb edilən şəxsiyyət vəsiqəsi təmin edilsə də, o, hələ də həbsxanadadır.
Urmiyəli fəal Qulam Quluzadə isə iyulun 5-də Kəleybər şəhərində saxlanılıb. Məlumata görə, fəal saxlanılarkən ağır işgənclərə məruz qalıb. Hazırda hansı şəraitdə saxlanılması barədə məlumat yoxdur.