1993-cü ildə Almaniyada qadağan edilməsinə baxmayaraq, PKK varlığını davam etdirir və tərəfdarlarının sayı artır.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Almaniyanın daxili təhlükəsizlik və kəşfiyyat strukturu BFV-nin 2017-ci il hesabatında qeyd edilib.
358 səhifəlik hesabatda PKK terror təşkilatına 16 səhifə yer ayrılıb.
“PKK Almaniyadakı üzvlərinin sayını artırır və ən böyük xarici ekstremist şəbəkə olmaqda davam edir”, - hesabatda qeyd olunub.
PKK-nın Almaniyadakı üzvlərinin sayının 2016-cı illə müqayisədə 500 nəfər artdığı, hazırda bu sayın 14500 olduğu qeyd edilən raportda artıma səbəb kimi Türkiyənin cənub-şərqində silahlı qarşıdurmalar və türk ordusunun kürd idarəçiliyi altındakı Afrini nəzarətə alması göstərilir.
Almaniyada PKK-nın topladığı maliyyədə də rekord artımın olduğu hesabatda öz əksini tapıb. Bəlli olub ki, ötən il PKK Almaniyada 14 milyon avro, Avropa çapında isə 25 milyon avro pul toplayıb.
Qeyd edək ki, hesabatda Almaniyada Türk Ülkücü hərəkatının üzvlərinin artmadığı, bu rəqəmin 11500 olduğu ifadə olunub/