Pakistanın 70 illik siyasi tarixi ərzində ilk dəfə normal bir seçki yolu ilə bir mülki hökumət yerini digər mülki hökumətə verdi.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyası şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, ölkə dəfələrlə siyasi terrorlara, hərbi çevrilişlərə səhnə olub:
“Əyyub xan, Yəhya xan, Ziya ül-Həqq və Pərviz Müşərrəfin başında olduğu hərbi xuntalar uzun zaman ölkəni idarə edib. Keçmiş baş nazirlər Zülfüqar Əli Bhutto və onun qızı Bənazir Bhutto isə siyasi terrora qurban getdilər. Pakistanda elə bir lider yoxdur ki, siyasi mühacirətin və həbsin dadına baxmasın. Son olaraq ölkəni idarə edən, uzun müddət siyasi mühacirət həyatı yaşamış keçmiş baş nazir Nəvaz Şərif də korrupsiya ittihamı ilə üzləşərək vəzifəsindən azad edildi və 10 il həbs cəzası aldı. Bu həbsi sifarişli həbs adlandıranlar da, bunu Pakistanda hüququn üstünlüyü hesab edənlər də var. Ancaq hər halda görünən budur ki, Pakistan siyasətində artıq Nəvaz Şərif ismi olmayacaq. Ən azı uzun müddət ərzində” .
Seçkidə qalib gələn İmran Xan haqqında danışan Z.Əmrəliyev onun Pakistanda tanınmış, nüfuzlu siyasətçilərdən biri olduğunu vurğulayıb:
“O, 1952-ci ildə inşaat şirkətinin sahibi olan çox imkanlı bir ailədə dünyaya gəlib, İngiltərədə yüksək təhsil alıb. Əyləncə məclisləri və qadınlara olan xüsusi marağı səbəbindən Pakistanda “London Playboyu” ləqəbini qazanıb. Üç dəfə evlənib-boşanan yeni baş nazirin ilk həyat yoldaşı isə məşhur bir yəhudi ailəsinin qızı olub. 1994-cü ildə “Tehrik-ə-İnsaf” (Ədalət Uğrunda Hərəkat) adlı partiya təsis edərək siyasi həyata qatılıb. Son zamanlar Pakistan müxalifətinin əsas liderlərindən biri olub. Korrupsiya əleyhinə təşkil etdiyi kütləvi mitinqlər onun siyasi nüfuzunu daha da artırıb. Pakistan Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, İmran Xanın partiyası 269 yerlik parlamentdə 109 deputat yerinə sahib olub. Onun ən güclü rəqibi olan Nəvaz Şərifin Pakistan Müsəlman Liqası isə 63 yerə sahib olacaq. Görünən budur ki, yeni baş nazir koalisiya hökuməti qurmalıdır”.
Siyasi şərhçi hesab edir ki, qərbmeylli İmran Xan həbsdə olan islamçı Nəvaz Şəriflə ittifaqa getməsi mümkün görünmür:
“Həm də artıq Şərif seçkiləri tanımadığı və bu seçkinin qanunsuz olduğunu bəyan edib. Bunun üçün də Xan gənc siyasətçi, 39 deputat yeri qazanaraq seçkinin üçüncüsü olan Pakistan Xalq Partiyasının lideri, mərhum baş nazir Bənazir Bhuttonun oğlu Bilavala Bhutto Zərdarini yola gətirməlidir. Gənc siyasətçinin bu koalisiyaya razı olub-olmayacağı və İmran Xandan nə istəyəcəyi isə çox maraqlıdır”.
Z.Əmrəliyev onu da deyib ki, Pakistanla Azərbaycanı sıx qardaşlıq münasibətləri birləşdirir. Ona görə də Pakistanda baş verən dəyişiklərin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.