1 Avqust 2018 19:43
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) indiyə qədər bir sıra ölkələrdə baş verən dövlət çevrilişlərinin ideya mənbəyi və baş icraçısı olub. Bu çevrilişlər haqqında MKİ ona qarşı irəli sürülən ittihamları heç vaxt qəbul etməyib. Lakin qurum özünün qeyd və raportlarında bu çevrilişlərdə əli olduğunu etiraf edib.

Teleqraf.com Amerika kəşfiyyatının yeddi dövlətdə həyata keçirdiyi çevrilişlər haqda məqaləni oxucuların diqqətinə çatdırır.

İran

Bu çevrilişlərdən biri 1953-cü ildə İranda baş verib.

MKİ-nin təşəbbüsü ilə "Ayaks" əməliyyatı hazırlanıb. Məqsəd İranın baş naziri Məhəmməd Mussadıqı devirərək hakimiyyətə sonuncu İran şahı Məhəmməd Rza Pəhləvini gətirmək idi. Baş nazir 1951-ci ildə İran Məclisinin vasitəsilə ölkədə milliləşdirmə siyasəti həyata keçirdi. Bundan narahat olan London dərhal rəsmi və qeyri-rəsmi fəaliyyətə başladı. Britaniya ilk olaraq İrana ağır zərbə vuran iqtisadi addımlar atdı. London İranda olan iş adamlarını geri çağırdı, eyni zamanda Kiprə qoşunlarını göndərdi. Britaniyanın bu hərəkətinə cavab olaraq SSRİ İranın sərhəddinə qoşun topladı. Britaniya beynəlxalq aləmdəki söz sahibliyindən istifadə edərək İrana qarşı neft embarqosu qoyulmasına nail oldu. İran iqtisadi böhranla üz -üzə qaldı.

Bu arada İranda xalqın baş nazirə münasibəti də yaxşı deyildi. Anglo-İran Neft Şirkətinin müdürünün evini yandırdılar. Mussadıq da geri çəkilməyərək ölkədəki bütün ingilisləri İrandan uzaqlaşdırdı. 1952-ci ildə Amerikada keçirilən prezident seçkilərində Eisenhover qalib gəldi. O zamankı Britaniyanın baş naziri Cörçil yeni seçilmiş ABŞ prezidenti Eisenhoverlə anlaşdı və "Ayaks" əməliyyatını hazırlamağa başladılar.

Əməliyyata ABŞ-ın sabiq prezidenti Rüzveltin nəvəsi, MKİ-nin Yaxın Şərq və Asiya üzrə rəhbəri Kermit Ruzvelt rəhbərlik etdi. Əməliyyatın ilk addımında baş nazir Mussadıqa qarşı pul ilə alınmış yerli cinayətkar şəbəkələr, jurnalistlər və din adamlarından istifadə olunmalı idi. İkinci addımda isə Kermit Şahı razı salmalı idi. Lakin Məhəmməd Rza Şah Pəhləvi uşaqlıqdan qorxaq və qərarsız olsa da, sonda şah olmağa razı salındı. O, Mussadıqı vəzifəsindən azad olunması barədə fərman imzaladı. Şaha fərmanı imzalatmaq, baş nazir Mussadıq və general Riyahini həbs etmək üçün bir nəfər lazım idi. Sonda həmin adam polkovnik Nasiri oldu. 15 avqustda Nasiri fərmanı imzalatdırdıqdan sonra general Riyahini həbs etdirmək üçün evinə getdi, lakin general evində yox idi. Kermit televiziyada Mussadıqın və general Riyahinin həbs xəbərini eşitmək üçün proqramları izləyirdi. Lakin aparıcının canlı yayım zamanı Mussadıqa söz verməsi Kermiti həyəcanlandırdı. Mussadıq canlı yayım zamanı çıxış edərək Şah və onun xarici ortaqlarının Mussadıqa qarşı hazırladıqları planın üstünü açdı. Mussadıqın yerinə gətiriləcəyi planlaşdırılan general Zahidi ilə görüşərək yeni planlar qurmağa başlandı. Əldə Mussadıqın vəzifəsindən azad olunması barədə 2 fərman var idi. Həmin fərmanlar tezliklə yayılmağa başladıldı. Kermitin nəzarətində olan qəzet və jurnallardan istifadə edərək həmin fərman daha da geniş çərçivədə yayıldı. Küçələrə çıxan xalq, pul ilə alınan cinayətkar qruplar və bir qrup şah tərəfdarı olan generallar Mussadıqın həbsini tələb edirdi. Ölkədə xaos yarandı, hadisələr getdikcə daha da böyüdü. Geri çəkilən Mussadıq 19 avqust 1952-ci ildə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Mussadıq vətənə xəyanətdə ittiham olunaraq həbs olundu, 3 il həbsdə yatdı sonra ev dustağı oldu, 1967-ci ildə vəfat etdi.

“Soyuq müharibənin ən kəskin çağında ABŞ-ın Koreyada SSRİ və Çin tərəfindən dəstəklənən qüvvələrə qarşı basqılar həyata keçirdiyi bir zamanda İranın SSRİ-nin təhdidlərinə hədəf gəlməsi ABŞ-ın TRAJAX (İran əməliyyatının kod adı) əməliyyatını həyata keçirməsinə imkan verdi”,- MKİ-nin İran əməliyyatı ilə bağlı hesabatında belə qeyd edilib. Bu MKİ-nin İranda baaş verən dövlət çevrilişində əsas rol oynadığını ortaya qoyan dəlil hesab olunur.

Qvatemala çevrilişi

ABŞ Mərkəzi Amerika dövləti Qvatemalada da dövlət çevrilişi həyata keçirib. Əslində ABŞ prezidentliyinin ilk dövrlərində Qvatemala dövlət başçısı Yakoba Arbenzi dəstəkləyirdi. Lakin sonradan Qvatemala dövlət başçısı torpaq islahatları keçirməyə başladı. Bu islahatlar ABŞ-ın sahib olduğu United Fruit Kompaniyanın varlığını təhdid edirdi. Bununla da ABŞ-Qvatemala münasibətləri pozuldu. Dərhal işə MKİ qarışdı. 1954-cü ildə MKİ bu ölkədə dövlət çevrilişini stimullaşdırdı. Nəticədə prezident Arbenzi devrildi. Yeni hakimiyyət xuntası quruldu və dövlətin idarəçiliyi başqalarının əlinə keçdi.

Konqo

1960-cı ildə sonradan Demokratik Konqo Respublikası adlandırılacaq Konqonun ilk baş naziri Patrike Lumumba ABŞ-ın dəstək verdiyi hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Hərbi çevriliş sırasında Konqo dövlət başçısı Josef Kasavubu bəyan etdi ki, baş naziri vəzifədən azad edib. Bu prosesdə Belçika mühüm rol oynadı. Belçikanın faktiki hərbi müdaxiləsi Konqonun müstəqilliyini elan etməsi nəticəsində bu ölkənin iqtisadi və ticarət maraqlarının təhlükə altına düşməsi səbəb olmuşdu. Ancaq baş nazir Patrike faktiki Belçikanın hərbi müdaxiləsinə silahlı qarşılıq vermiş, SSRİ-dən ciddi dəstək almışdı. Lakin MKİ Patrike Lumumbanın dövlət üçün təhlükəli olduğunu Konqo dövlət başçısına inandıraraq onu devirməyə nail oldu.

Dominikan

1961-ci ildə MKİ Dominikan Respublikasında da dövlət çevrilişi ssenarisi həyata keçirib.
Həmin dövrdə Dominikanda minlərlə haitilinin etnik təmizlənməyə məruz qalması və Venesuela dövlət başçısına sui-qəsd cəhdi edən Rafael Trujillonun vəhşi diktatorluğuna silahlı hərbi müxalifət tərəfindən son verildi. Diktatorun özü isə öldürüldü. Rafael Trujillonu öldürən hərbi müxalifət “kimsə bizə Trijillonu öldürmək göstərişi verməyib” desə də, əslində bu proses MKİ tərəfindən hər cür dəstəklənmişdi.

Vyetnam

1963-cü ildə Cənubi Vyetnamla ABŞ arasında münasibətlər kritik həddə çatdı. Bu dövrdə Cənubi Vyetnam lideri Nqo Dinh Diem buddist müxalifətçilərə qarşı ciddi represiv tədbirlərə əl atmışdı. Nəticədə ABŞ-la münasibətlər qopma həddinə çatdı. Pentaqonun qeydlərinə görə, çevriliş hazırlığında olan generallar 1963-cü ilin 23 avqustunda Pentaqonla əlaqə yaradıb. Çevriliş planı ilə bağlı bir müddət müzakirələr aparılıb. Sonda ABŞ çevrilişlə bağlı qərarsızlığına son verib. Nəticədə 1963-cü ilin noyabrında Pentaqon və MKİ-dən dəstək alan vyetnamlı generallar Diem hakimiyyətinə qarşı çıxıb və onu öldürüblər. Bəzi qeydlərə görə, Vyetnam generallarının hər biri buna görə, MKİ-dən 40 min dollar civarında hədiyyə alıb.

Braziliya

1964-cü ildə ABŞ kəşfiyyatı Braziliya dövlət başçısı Joao Coulartı devirib. Bununla ABŞ Braziliyanın güclü dövlətə çevrilməsini əngəlləyib. Qeyd edək ki, ABŞ-ın Braziliyadakı səfiri Linkoln Qordon xatirələrində yazır ki, Braziliyanın 1960-cı illərin Çininə çevriləcəyinə dair planları ABŞ-ın fərqli addım atmasına səbəb olub. Dövrün Brziliya baş qərargah rəisi, general Humberto Kastello Branko liderliyində qiyamçılara hər cür dəstək verilib. Çevrilişdən əvvəlki günlərdə MKİ Braziliya hökumətinə qarşı küçələrdə keçirilən nümayişləri dəstəkləyib. Habelə ordunu müdafiə edən şəxslərə hörmətlə yanaşıb, ölkəyə ABŞ istehsalı olmayan silahlar daxil edib.

Çili

MKİ Çili iqtisadiyyatında ABŞ-ın maraqlarının təmin edilməsi üçün dövlət çevrilişi edib. 1973-cü ilin 11 sentyabrında dövlət çevrilişi həyata keçirildi. Yeri gəlmişkən, bu çevriliş haqqında MKİ tərəfindən hazırlanan raporda “ordu tərəfindən planlaşdırılan hərbi çevriliş haqqında məlumatlı idik, çevrilişi planlaşdıran şəxslərlə uzun müddət kəşfiyyat əməkdaşlığı etdik, çevrilişin qarşısını almaq üçün heç bir addım atmadıq, əksinə 1970-ci ildən başlayaraq bu çevriliə dəstək verdik” deyə vurğulanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər