Orxan Camal və digər iki rusiyalı həmkarının Mərkəzi Afrika Respublikasında qətlə yetirildikdən sonrakı fotoları yayımlanıb.
Axar.az xəbər verir ki, Palmarescentrafrique.com saytında yayımlanan məqalədə Mərkəzi Afrikanı iflic edən daimi böhranların arxasında Fransanın durduğu iddia edilib. Bildirilib ki, 3 rusiyalı jurnalisti üsyançıların şərti müttəfiqləri Seleka rayonunda qətlə yetirib.
“Bir neçə gün öncə “France 24”-ün balanssız və müəmmalı hesabatı ölkəni silkələdi. Bu hesabatda Abdulla Hüseyni (yerli silahlı qruplaşma lideri – red.) təriflənib, təbliğ olunurdu. Bu filmin yaradıcı qrupu, rejissorlar və ssenari müəllifləri Selekanın ən təhlükəli nöqtələrinə getməkdən çəkinmirdilər”, - məqalədə bildirilib.
Məqalədə qətliamın arxasında Fransanın durduğuna eyhamla vurğulanıb ki, bir neçə gün sonra rus jurnalistlər Nurəddin Adamın başçılığı ilə törədilən amansız və qorxunc sui-qəsdin qurbanına çevrildilər:
“Jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko Dyeko şəhərinin 23 kilometrliyində sənədli film çəkdikləri ərazidə idilər. Əlimizdəki mənbələrə görə, onları öncə oğurlayıb, sonra işgəncə ilə qətlə yetirmişdilər.
Hadisədə ən böyük səhv odur ki, jurnalistlərin press-kartları olduğu halda, mühafizəçilər tərəfindən müşayiət olunmayıblar.
Mərkəzi Afrikada sui-qəsd törədilən Qərb jurnalistləri haqda eşitmək çox nadir haldır. Bu günədək sadəcə Kamilla Lepaj ölkə sakinlərinə qarşı pis davranışına görə qətlə yetirilib.
Bu 3 jurnalistin qətli Bangi hakimiyyəti üçün güclü siqnaldır. Bundan əlavə, Fransa heç vaxt Rusiyaya olan qəzəbini gizlətməyib. Ruslar iddia edirlər ki, jurnalistlərin qətli Prezident Putini Mərkəzi Afrikaya yardım etməkdən çəkindirməyəcək”.