Rusiyanın minlərlə Şimali Koreya vətəndaşına öz ölkəsində işləmək icazəsi verdiyi, bununla nüvə proqramı səbəbindən Pxenyana tətbiq olunan BMT embarqolarını pozduğu iddia olunur.
Teleqraf.com bildirir ki, “Vall Street Journal” qəzeti Rusiya Daxili İşlər Nazirliyinə istinadən ötən ildən bu yana 10 min Şimali Koreya vətəndaşına Rusiyada işləmək icazəsi verildiyini açıqlayıb.
Əmək Nazirliyinin qeydlərinə görə, 2018-ci ildə ən azı 700 Şimali koreyalıya işləmək hüququ verilib. ABŞ rəsmiləri Rusiyanın BMT sanksiyalarını pozmuş ola biləcəyini söyləyib, BMT isə bu məsələni araşdırdığını qeyd edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2017-ci ilin sentyabrından Şimali Koreyaya iqtisadi sanksiyalar tətbiq edilməsinə dair qərar verib. Sanksiya paketində “Xaricdə olan Şimali Koreya vətəndaşlarının işləmək hüququ müddəti başa çatana qədər işləyə biləcəyi, ancaq sonradan onların işləmək icazəsinin müddəti artırılmayaq” haqqında maddə də var.
ABŞ Dövlət Departamentinə görə, 100 min koreyalı xarici ölkələrdə işləyir. Mütəxəssislər iqtisadi sıxıntılar yaşayan Şimali Koreya rejiminin ölkəyə maliyyə axınını təmin etmək məqsədilə xaricə işçilər göndərdiyi, bu şəxslərin ildə 2 milyard dollara yaxın gəlir əldə etdiyini qeyd edirlər.