Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən rusiyalı jurnalistlərlə bağlı yeni məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, jurnalistlər Afrikaya gedəndən az sonra yerli sakinlərlə mübahisə ediblər. MAR-ın “Ndeke Luka” radiosunun məlumatına görə, jurnalistlər Banqi şəhərindəki oteldə müəllim kimi qeydiyyatdan keçiblər.
Bir gün sonra onlar otelin qarşısında çəkiliş aparıblar. Tacirlər çəkilişə etiraz ediblər və polis çağırıblar.
Polis onları sorğu-sual edəndən sonra sərbəst buraxıb.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlər iyulun 31-də naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.
Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.
52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.