Güney Azərbaycanın Təbriz Şəhər Bələdiyyəsinin bütün idman komandaları ləğv edilib.
Teleqraf.com xəbər verir ki, qərar Təbriz şəhər icra hakimiyyətinin başçısı Əliyar Rastqu və Şəhər Şurasının üzvləri tərəfindən qəbul edilib.
Müzakirələrdə Təbriz Şəhər Şurası üzvlərinin əksəriyyəti buna qarşı çıxsa da, Əliyar Rastqu məsələni baxılması üçün Güney Azərbaycan Əyalətinin Münsiflər Heyətinə həvalə edib.
Əyalət valisinin sədrliyi ilə keçirilən iclasda Əliyar Rastqu xərclərə qənaət adı altında Bələdiyyə İdarəsinin bütün komandalarının ləğvi qərarını müdafiə edib. Müzakirələrin sonunda Təbrizdə “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar verilib.
Bununla İrandaxili və Asiya üzrə yarışlarda böyük uğurlara imza atan Təbriz Bələdiyyəsinin futbol, basketbol, voleybol, velosiped, şahmat və yüngül atletika komandalarının fəaliyyəti dayandırılıb.