Kremlin həmişə fors-major vəziyyətlərdə ehtiyat planları olur. Rusiyanın strateji və taktiki planlaşdırması yüksək səviyyədədir və Ermənistanla bağlı da onun çətin durumda qalacağını demək olmaz.
Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova belə deyib.
Hazırda Rusiyanın Ermənistanın yeni baş naziri Nikol Paşinyanla anlaşmağa çalışdığını deyən Nəzakət Məmmədovanın sözlərinə görə, Kremlin İrəvandakı özünə sadiq adamlarını qurban verməsi bununla bağlı ola bilər:
“Görünür, Rusiya artıq hakimiyyətdən getmiş, istifadə edib kənara atdığı və artıq tükənmiş hesab etdiyi Robert Köçəryanın həbsinə imkan verməklə Paşinyandan müəyyən məsələlərdə güzəşt almaq barədə razılaşıb. Bunların arasında Rusiya hərbi bazasının saxlanılması kimi məsələlər ola bilər.
Rusiya indiki şəraitdə ABŞ-ın hakimiyyətə gətirdiyi adamla konfrontasiyaya getməməklə vaxtı uzatmaq və bu müddətdə Ermənistanın yeni rəhbərliyi ilə münasibətlərin düzgün strateji planlaşdırılmasını aparmaq istəyir. Moskva Paşinyanla işləmək istəyir, lakin Paşinyan Rusiyanın maraqlarını davamlı şəkildə pozarsa, onu hakimiyyətdən uzaqlaşdırmaq planlarını işə sala bilər”.
Politoloq hesab edir ki, Rusiyanın Paşinyanı əvəzləyəsi ehtiyat kadrları var:
“Rusiyanın ermənilərlə uzun illər boyu əməkdaşlıq təcrübəsi var və onların sırasından özünə sadiq insanlar seçmək çətin deyil. Sadəcə, bu, Paşinyan və Rusiya arasında münasibətlərin gedişatından asılı olacaq. Əgər Paşinyan Rusiyaya güzəştə getsə və onu hakimiyyətə gətirən qüvvələrin tələbləri ilə Rusiyanın maraqları arasında balansı qoruya bilsə, o zaman yaxın və orta perspektivdə Rusiya onu əvəzləməyə tələsməyə bilər.
Lakin radikal addımlar atarsa, Rusiya da adekvat addımlar ata bilər. Bu, əhalini Paşinyana qarşı qaldırmaqdan tutmuş ən son variant kimi onun hakimiyyətdən uzaqlaşdırılması da ola bilər. Yaxud Paşinyanı hakimiyyətə gətirən qüvvələr müəyyən mərhələdə onu başqası ilə əvəz edərək Paşinyanın Rusiya ilə razılaşmalarını etibarsız edə bilər”.