ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların tətbiqinə dair göstəriş verib.
Teleqraf.com xəbər verir ki, İrana qarşı sanksiyalar iyulun 6-dan7-nə keçən gecə saat 00:01-də qüvvəyə minib.
Məlumat üçün bildirək ki, İranın ABŞ dollarına çıxışının qarşısı alınması, habelə dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi sanksiyalar siyahısına daxildir.
Eyni zamanda xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur.
İrana qarşı ikinci mərhələ sanksiya noyabrın 5-dən tətbiq ediləcək. Bu sanksiyaların son vaxtlar iqtisadi böhranla üzləşmiş İran iqtisadiyyatına böyük zərər verəcəyi bildirilir.
İranın əmək naziri Əli Rəbbi deyib ki, sanksiyalar səbəbindən təxminən 1 milyon iranlı işsiz qala bilər.
Prezident Donald Tramp sanksiyaların tətbiqinə başlanılması ilə bağlı bildirib ki, ABŞ embarqolarının tamamilə icra edilməsində qərarlıdır, İranla əlaqələrini dayandırmayanlar isə ciddi problem qarşısında qalacaqlar:
“Bir çox beynəlxalq şirkətin İran bazarından çıxacağına dair açıqlamalardan məmnunam. Bəzi ölkələr İrandan neft alışını azaldacağını və ya dayandıracağını açıqlayıb. Biz bütün cəmiyyətləri İranı iki seçimdən birini etmək çağırışına qoşulmağa dəvət edirik. İran rejimi ya qlobal iqtisadiyyata yenidən inteqrasiya etməlidir, ya da təhlükəli və pozucu fəaliyyətini dəyişmədiyi üçün iqtisadi izolyasiya ilə üz-üzə qalmalıdır”.