Kanada xarici işlər naziri Xrista Frilandın paylaşdığı tvit ilkin hesablamalara görə ölkə iqtisadiyyatına 20 milyard dollar ziyan vurub.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən paytaxt ər-Riyadda insan haqları fəallarının tutulması ilə bağlı Kanada XİN başçısının tviti iqtisadiyyata ciddi zərər yetirib.
Nazirin tvitindən sonra Səudiyyə Ərəbistanı Kanada ilə ticarət əlaqələrinin dondurulması barədə qərar verib, bu ölkədən dəyəri 15 milyard dollar olan 928 ədəd yüngül və ağır hərbi zirehli texnikanın alınması barədə müqaviləni dayandırıb.
Səudiyyə Ərəbistanı dövlət xətti ilə Kanadada təhsil alan 17 min 272 tələbənin də geri çağrılacağını, “Saudi Arabian Airlines” aviaşirkəti avqustun 13-dən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracağını elan edib.
Xatırladaq ki, Kanadanın xarici işlər naziri Xrista Friland paylaşdığı tvitdə Səudiyyə Ərəbistanında həbsdə olan blogger Raif Bədəvinin bacısı, hüquq müdafiəçisi Samar Bədəvi və daha bir qadının həbsi barədə xəbərdən narahat olduğunu yazıb. Xanım nazir Ər-Riyadı hər iki şəxsi azadlığa buraxmağa çağırıb.
Onun bu bəyanatı Ər-Riyadda ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirilib.